Ermənistan İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili maddəsi ilə cinayət işi açıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Komitədən məlumat verilib.
Məlumata görə, iyunun 12-də saat 19:30-da İrəvanda Baqramyan prospekti boyu polisin qanuni tələblərinə tabe olmayan etirazçılar iğtişaşlar törədiblər.
Qeyd olunub ki, iğtişaşlar polisə qarşı güc tətbiqi ilə müşayiət olunub - onlara yumruq və təpik zərbələri endirilib, müxtəlif əşyalar atılıb.
Hazırda bu ərazidə quraşdırılmış kameraların videoyazılarına baxış keçirilir, iğtişaşların təşkilatçıları və iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
Bu arada Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti saxlanılanlarla bağlı yeni məlumat yayıb. Bildirilib ki, İrəvanın Baqramyan prospektində keçirilən etiraz aksiyası zamanı saxlanılanların sayı 98 nəfərə çatıb.
Bundan əvvəl polis etirazçıları dağıtmaq üçün səs-küylü qumbaralardan istifadə edib.