Rusiya Prezidenti Vladimir Putinin Amerika seçkiləri ilə bağlı sözləri ABŞ administrasiyasının xoşuna gəlməyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi deyib.
“Birləşmiş Ştatların növbəti prezidentinin kim olacağını müəyyən etməli olan yeganə insanlar Amerika xalqıdır. Əgər cənab Putin, birincisi, seçkilərimiz haqqında danışmağı dayandırsa, ikincisi, onlara müdaxiləni dayandırsa, biz çox minnətdar olardıq”, - Kirbi bildirib.
Məsələyə ABŞ prezidentliyinə namizəd, keçmiş prezident Donald Tramp da münasibət bildirib. O, Rusiya Prezidenti Vladimir Putinin vitse-prezident Kamala Harrislə bağlı açıqlamasına necə reaksiya verəcəyini bilmədiyini söyləyib: “O, Kamalanı dəstəklədi. Bununla bağlı nə deyəcəyimi bilmirəm. Mənim, yaxud onun təhqir edildiyini, yaxud əksi olduğunu... bilmirəm”
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-da keçirilən prezident seçkilərində Moskvanın favoritinin ölkənin hazırkı lideri Co Bayden olduğunu bildirib, lakin onun seçki yarışından geri çəkilməsindən sonra Kremlin onun varisi, vitse-prezident Kamala Harrisi dəstəkləyəcəyini açıqlayıb.