
Böyük Britaniyanın Baş naziri Kir Starmer qarşısına qoyduğu vəzifələri yerinə yetirdiyini bildirərək hökumət başçısı postunda işini başa çatdırdığını elan edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, vəzifədən getməzdən əvvəl etdiyi yekun çıxışında danışıb.
"Mənim missiyam tamamlandı", - Starmer deyib.
O qeyd edib ki, Leyboristlər Partiyasına altı il yarım rəhbərlik etdiyi müddətdə partiyanı 2019-cu il seçkilərindəki "tarixi məğlubiyyət"dən çıxarmağa, onu yenidən hakimiyyətə qayıdışa hazırlamağa və 2024-cü il ümumi seçkilərində inamlı qələbəyə aparmağa nail olub.
Starmerin sözlərinə görə, onun baş nazir vəzifəsində olduğu müddətdə hökumət uşaq yoxsulluğu səviyyəsinin və immiqrasiyanın azaldılmasına, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və Böyük Britaniyanın beynəlxalq nüfuzunun artırılmasına nail olub.
O, həmçinin Böyük Britaniyanın Ukraynaya dəyişməz dəstəyini qeyd etməklə yanaşı, "düşmənlərin bizi bölmək üçün heç nədən çəkinməyəcəyi bir dünyada" ölkənin birliyini qoruyub saxlamağın ən vacib vəzifələrdən biri olaraq qaldığını vurğulayıb.
Çıxışının sonunda Starmer öz xələfi Endi Bernhemə uğurlar arzulayıb.
"Mən ləyaqətlə, təbəssümlə və əldə etdiyimiz hər şeyə görə qürur duyaraq ayrılıram. Çox sağ olun", - o deyib.