İranda bu gün səhər saatlarından etibarən uçuşlar bərpa edilib.
IRNA-nın xəbərinə görə, bu barədə ölkənin Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
Xatırladaq ki, uçuşlar İsrail tərəfinin İran ərazisindəki bir sıra hədəflərə raket zərbələri səbəbindən yarana biləcək təhlükənin qarşısını almaq üçün dayandırılmışdı.
Yeri gəlmişkən, İran üzərində hava məkanının bağlanması nəticəsində gecə bir sıra beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət ediblər.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Senzor.az-a bildirilib ki, Bakı hava limanına uğurla eniş edənlər sırasında “Jazeera Airways”aviadaşıyıcısının Moskva (DME) – Küveyt reysi, “Fly Dubai”ın Budapeşt, Moskva (VKO), Minsk, Kazan və Sankt-Peterburqdan Dubaya olan uçuşları, eləcə də “Air Arabia” aviaşirkətinin Moskva – Şarja reysi yer alıb: “Heydər Əliyev Beynəlxalq Aeroportu bütün müvafiq resursları səfərbər edərək eniş etmiş reyslərə operativ və yüksək səviyyəli xidmət göstərir”.