Cabbar Hafiz oğlu Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Senzor.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, C.Musayev 1981-ci il yanvarın 10-da Naxçıvan şəhərində anadan olub. Ali təhsilini Ankara şəhərində alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.
2004-13-cü illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib.
2013-16-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış "Yüksək Texnologiyalar Parkı" MMC-nin direktor müavini vəzifəsində çalışıb.
2016-cı il aprelin 18-dən son təyinatadək Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışırdı.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.