Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü üçün xüsusi hazırlanan xatirə sikkəsi Türkiyədə satışa təqdim edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Türkiyənin Zərbxana və Möhür Mətbəəsi Baş İdarəsinin hazırladığı xatirə sikkəsinin dizaynında Türk dövlətləri arasındakı köklü əlaqələri və əməkdaşlığı simvolizə edən detallara yer verilib, TDT-nin beynəlxalq fəaliyyəti və mədəni dəyərləri vurğulanıb.
Xatirə sikkəsinin aversində səkkizguşəli “Səlçuklu Ulduzu”nun ortasında təşkilatın loqosu yer alıb. Bu ulduzun hər guşəsi təşkilatın fəlsəfi dəyərləri olan mərhəmət, şəfqət, səbir, doğruluq, sirr saxlamaq, sadiqlik, yardımsevərlik və şükür etməklə yanaşı, həm də TDT-nin səkkiz üzv dövlətini simvolizə edir.
Xatirə sikkəsinin reversində isə təşkilatın üzvü olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın dövlət bayraqları yer alıb. TDT-nin “Dildə, fikirdə, işdə birlik” ifadəsinin də əks olunduğu sikkənin ortasındakı pətək toxuması yerləşdirilib ki, bu da məhsuldarlığı, çalışqanlığı və birliyi təmsil edir. Toxumanın üzərindəki əlsıxma isə etibarlılığı, regional və digər coğrafiyalarda sülh və birliyi əks etdirir.
Diametri 38,61 millimetr, kütləsi 23,33 qram olan xatirə sikkəsi 5 min ədəd istehsal olunub və dövriyyə müddəti noyabrın 7-dən etibarən 2 il olaraq müəyyən edilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə keçirilən liderlər toplantısı zamanı bu Zirvə görüşü üçün xüsusi hazırlanmış xatirə pulunu dövlət başçılarına hədiyyə edib.