İşğalçı hakimiyyətin mövcud olduğu heç bir ərazidə sabitlik mümkün deyil.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Gürcüstanın işğal altındakı Abxaziya regionunda baş verən hadisələrə münasibət bildirərkən deyib.
“Bu, orada işğalçı hakimiyyətin olmasının nəticəsidir. Heç bir qurumun olmadığı, işğalçı hakimiyyətin mövcud olduğu istənilən ərazidə sabitlik mümkün deyil. Odur ki, biz də deyirik ki, vahid Gürcüstan bizim ümumi maraqlarımıza, abxaz soydaşlarımızın mənafeyinə uyğundur. İstər Gürcüstanda, istərsə də başqa yerdə işğal rejimi sayəsində yaradılan istənilən belə boz zonalar həmişə qeyri-sabitlik mənbəyidir, çünki bu, qurumların fəaliyyət göstərmədiyi ərazidir”, - Papuaşvili bildirib.
Qeyd edək ki, bu gün Abxaziya “müxalifəti” qondarma qurumun “prezident”inin istefası tələbi ilə etiraz aksiyası keçirib. Yerli KİV-in məlumatına görə, gərginliyə səbəb Rusiya vətəndaşlarına Abxaziyada daşınmaz əmlak satın almağa icazə verən qərardır.