Nyu-York ştatının senatoru Liz Krüger ABŞ-ın şimal-şərq ştatlarının, o cümlədən Nyu-York, Konnektikut, Massaçusets və Vermontun Birləşmiş Ştatlardan ayrılması və Kanadaya birləşməsi imkanına baxılmasını təklif edib.
"Newsweek" portalının məlumatına görə, Nyu-York ştatı Senatının maliyyə komitəsinin sədri Krüger Donald Trampın hakimiyyətə qayıtmasının miqrantlar üçün sığınacaq statusuna görə liberal ştatlara federal maliyyələşdirmənin azaldılması ilə təhdid edə biləcəyindən narahatlığını ifadə edib. Demokrat senator iddia edir ki, yeni seçilmiş prezidentin administrasiyasında artıq belə addımlar müzakirə olunur.
Bu, Krügerin belə bir ideya irəli sürdüyü ilk hal deyil. Sentyabrda "City and State New York" nəşrinə müsahibəsində o, şimal-şərq ştatlarının "Kanadanın cənub-şərq əyaləti" kimi birləşdirilməsini təklif edib.
Senatorun təklifi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, lakin ekspertlər bunu real təşəbbüsdən daha çox Trampın siyasətindən narazılığın simvolik ifadəsi hesab edirlər.