Dəməşqin ətrafında olduqca güclü təhlükəsizlik çəmbəri yaratmışıq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Suriyanın daxili işlər naziri, general Məhəmməd Xalid ər-Rahman deyib.
“Heç bir qüvvə bu çəmbəri keçə bilməz”, - nazir bildirib.
Qeyd edək ki, Suriyada silahlı müxalifətin noyabrın 27-də Bəşər Əsəd rejiminə qarşı başlatdığı əməliyyatda irəliləyiş davam edir. Bir neçə gün ərzində kritik şəhərləri tutmağı bacaran müxalifət paytaxt Dəməşqə çatıb. Artıq silahlı müxalif qruplar cənubdan Dəməşqə daxil olmağa başlayıblar.
Dəməşqdə hökumətə bağlı əsgərlər isə bu hadisələrin fonunda hərbi formalarını çıxarıb, mülki paltarlar geyinirlər. Onlar tanınmamaq üçün əhaliyə qarışır, bəziləri isə Dəməşqdən bu cür çıxırlar.
Bu barədə sosial şəbəkələrdə görüntülər də yayılıb.
Məlumata görə, Dəməşqin mərkəzində bir sıra hərbi birləşmələr komandanlığın olmaması səbəbindən dağılıb.
Qeyd olunub ki, Dərəyya, Kesva, Sahnaya, Müazamiyə, Harcele bölgələrindən rejim qüvvələri çıxarılıb, Bəşər Əsədin plakatları və heykəlləri dağıdılıb.