Qazaxıstan Aktau şəhərinin yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin “qara qutu”larını Braziliyanın Aviasiya Hadisələrinin Araşdırılması və Qabaqlanması Mərkəzinə (CENIPA) göndərəcək.
“Tengri News” xəbər verir ki, bu barədə Mərkəzi Asiya ölkəsinin Nəqliyyat Nazirliyindən məlumat verilib.
Dövlət qurumu bildirib ki, Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin standartlarına uyğun olaraq, araşdırmanı aparan dövlət göyərtədəki yazıcı məlumatlarının oxunmasını təmin edir və bunun üçün ölkənin seçilməsi barədə qərar qəbul edir.
“Yuxarıda göstərilən sənəd əsasında, həmçinin ICAO-nun tövsiyələri və Azərbaycan və Rusiya aviasiya qurumları ilə aparılmış məsləhətləşmələr nəzərə alınaraq, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayevin rəhbərlik etdiyi Aviasiya Hadisələrinin Araşdırılması Komissiyası tərəfindən “qara qutu"ların hava gəmisinin (“Embraer”) istehsalçı ölkəsi olan Braziliyanın Aviasiya Hadisələrinin Araşdırılması və Qabaqlanması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul edilib”, – məlumatda qeyd olunub.
Nazirlik vurğulayıb ki, CENIPA lazımi texniki imkanlara malikdir, müvafiq avadanlıqla təchiz edilib və onların oxunması üçün sertifikatlaşdırılmış laboratoriyası var.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.