“Ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) yenidən öz fəaliyyətini bərpa etməsinin heç bir əsası yoxdur”.
Lalə Şövkətin oğlu və partiyada köməkçisi işləmiş hüquqşünas Sidqi Şövkət “Cebhe.info”ya açıqlamasında ALP ilə bağlı yayılan məlumata münasibət bildirib.
“Bu, Əvəz Temirxanın şəxsi təşəbbüsü ilə keçirilən bir qurultaydır. Azərbaycan Liberal Partiyası bir ildən çoxdur ki, ləğv olunub və dövlət reyestrindən çıxarılıb. Xatırlayırsınızsa, son parlament seçkilərində Əvəz Temirxan Azərbaycan Xalq Partiyasının (Pənah Hüseynin sədri olduğu partiya) namizədi kimi seçkilərə qoşuldu.
Əgər Azərbaycan Liberal Partiyasının fəaliyyətini bərpa etmək mümkün olsaydı, Əvəz Temirxan o partiyanın namizədi olaraq seçkilərə qoşulardı. Yəni bu partiyanın fəaliyyətini bərpa etmək mümkün deyil”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Azərbaycan Liberal Partiyası onlayn qurultay keçirib və professor Lalə Şövkət ALP-nin lideri, Əvəz Temirxan isə yenidən sədri seçib.
Bu məlumatın spekulyativ olmasını təsdiqləyən digər fakt qurultayın onlayn keçirilməsi ilə bağlıdır. Ölkədə digər kütləvi tədbirlərin açıq keçirilməsinə qadağa və ya epidemik vəziyyətə görə məhdudlaşdırma yoxdursa, partiyaların qurultay və digər tədbirləri də açıq keçirilə bilər. Ona görə də qurultayın onlayn keçirilməsi faktı qanunauyğun deyil. Bu, qanunvericiliklə də təsbit olunur.
Lalə Şövkət çoxdandır aktiv siyasətdən uzaqdır. Siqdi Şövkətin açıqlamasından da aydın görünür ki, Əvəz Temirxanın hərəkətindən xəbərsizdir və onun yaydığı bu məlumat da spekulyativ xarakter daşıyır.
Onu da xatırladaq ki, Azərbaycan Liberal Partiyası 24 iyun 2023-cü ildə öz fəaliyyətinə xitam verib və bununla bağlı bəyanat qəbul edib.