1990-cı ilin 20 yanvarında baş verən hadisələr Azərbaycan tarixinin təkcə faciə yox, həm də qürur və şərəf səhifəsidir. 35 il öncə 70 illik mürtəce imperiyanın pəncəsindən qurtulmağa çalışan, ərazi bütövlüyünün pozulmasına etiraz edən, suveren hüquqlarının müdafiəsinə qalxan Azərbaycan xalqının milli iradəsinə qəsd olundu. Yanvarın 20-nə keçən gecə Sovet ordusu əliyalın insanlara qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdi. Xalqımız azadlığın, müstəqilliyin əvəzsiz nemət olduğunu, onu canından da əziz bildiyini dünyaya bəyan etdi. O məşum gecə şəhadət şərbətini içən 150 nəfərədək vətəndaşımız xalqımızın istiqlal mübarizəsinin şahidləri kimi adlarını müasir tariximizə əbədi həkk etdirdilər...
Ötən dövrdə xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini böyük hüzn və qürur hissi ilə qeyd edir. Yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edərək milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarşısında ehtiramlarını bildiriblər.
Nazirlikdən Senzor.az-a bildirilib ki, şəhidlərin məzarları önünə tər qərənfillər düzülərək əziz xatirələri yad olunub.
Anım mərasimində Mədəniyyət Nazirliyinin tabeliyində olan və paytaxtımızda fəaliyyət göstərən qurumların əməkdaşları da iştirak ediblər.