İtaliya mətbuatı hazırda həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalanın fevralın 15-də bəyanat yayacağını yazıb.
Türkiyə KİV-i yazır ki, məlumatı italiyalı jurnalistlər Kaira Krukiati və Ciasandro Merli PKK/YPG terror təşkilatının Suriyadakı qolunun lideri Mazlum Abdi ilə görüşdən sonra “İl Manifesto” qəzetində paylaşıblar. Onlar Öcalanın terrorçulara səslənərək silahı yerə qoymasını istəyəcəyini iddia ediblər. Bəyanatın videomüraciət formasında ola biləcəyi də vurğulanıb.
Qeyd edək ki, yanvarın 20-si italyan və fransız siyasətçilər Suriyanın şimalındakı əraziləri nəzarətində saxlayan Mazlum Abdi ilə görüşüblər. Görüşdə onları jurnalistlər də müşayiət edib.
Xatırladaq ki, PKK-nın 26 ildir İmralı həbsxanasında olan lideri Abdullah Öcalan məhz 1999-cu il fevralın 15-də Milli Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatı nəticəsində Keniyada saxlanılaraq Türkiyəyə gətirilib. O, terror fəaliyyətlərinə görə ölüm cəzasına məhkum edilsə də, hökm daha sonradan ömürlük həbs cəzası ilə əvəz edilib.