Almaniyada keçirilən növbədənkənar federal seçkilər Xristian Birlik (CDU/CSU) İttifaqının qələbəsi ilə başa çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Birlik seçicilərin 28,4 faizinin səsini toplayaraq birinci olub. İkinci sırada isə 2021-ci ildəki seçkilərdən sonra böyük sıçrayış əldə edən Almaniya üçün Alternativ partiyası (Afd) olub. Dörd il əvvəl 9,7 faiz səs toplayan AfD bu dəfə 20,1 faiz səslə ikinci sırada qərarlaşıb. Kansler Olaf Şoltsun təmsil etdiyi Sosial Demokrat Partiyası (SPD) isə sonuncu seçkilərlə müqayisədə ağır itki ilə üzləşib. 2021-ci ildə 25,7 faiz səslə qalib gələn SPD builki səsvermədə cəmi 16,3 faiz səs toplaya bilib. Yaşıllar partiyası 12,4, Sol Partiya 8,8, Azad Demokrat Partiyası (FDP) və Sahra Vaqenknext İttifaqı (BSW) 5 faiz səs yığıb.
Qeyd edək ki, Almaniyanın hazırkı Kansleri Olaf Şolts seçkilərdə məğlub olduğunu etiraf edib və rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb. O, seçki nəticələrini hakim partiya üçün “faciə” adlandırıb.
Yeri gəlmişkən, Olaf Şolts seçkilərindən sonra yeni hakim koalisiya qurulana qədər hökumətə rəhbərlik etməyə davam edəcək - Almaniya qanunları belə hallarda kansleri istefaya məcbur etmir.
Seçkilərdə qalib gələn Birlik ittifaqını hökuməti formalaşdırmaq üçün çətin koalisiya danışıqları gözləyir. İttifaqın namizədi Fridrix Merts dünyanın üçüncü, Avropanın isə ən böyük iqtisadiyyatı olan Almaniyanın iqtisadi durğunluq, geosiyasi dəyişikliklərə reaksiya verilməsi, miqrasiya siyasəti, Almaniyanın müdafiə siyasəti və digər sahələrdə ciddi durğunluğun və çətinliklərin olduğu bir şəraitdə yeni hökumət qurmalı və bu məsələlərə həll yolu tapmalıdır.