Dünən Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və İsveçin XİN başçısı Ann Linde ölkələrinin NATO-ya üzvlüyü barədə protokolu imzalayıblar. Alyansın Baş katibi Yens Stoltenberq həmin ölkələrin təşkilata üzvlüyünün rəsmi olaraq başlandığını elan edib və söyləyib ki, bundan sonra NATO daha da güclənəcək. Stoltenberqin sözlərinə görə, üzvlük prosesi normal vaxtdan daha tez-1 ay müddətində başa çata bilər.
Proseslərin nə ilə nəticələnəcəyini indidən demək çətindir. İsveç və Finlandiyanın Alyansa üzv olmaları, əlbəttə, NATO-nun maraqlarına uyğundur. Ən azından ona görə ki, təşkilat daha da güclənəcək və özünü bir az da inamlı hiss edəcək. İkinci bir tərəfdən isə bu, Rusiyanı növbəti dəfə aqressivləşdirməkdən ötrü yaxşı fürsətdir. İsveç və Finlandiyanın NATO-ya üzvlüyündən sonra hətta yeni cəbhənin açılması da mümkündür.
Əgər İsveç və Finlandiya, doğrudan da, NATO-ya üzv olacaqsa, bu, ciddi nəticələrlə yadda qalacaq. Birincisi, Kreml ilə Alyans arasındakı ziddiyyətlər bir az da artacaq. Beləliklə, hazırda davam edən müharibənin miqyasının daha da genişlənməsinə və hətta Üçüncü Dünya müharibəsinin rəsmi olaraq elan edilməsinə şərait yaranacaq.
İkincisi, bu zaman Moskva ilə Ankara arasında "soyuq yellər" əsməyə başlayacaq. Tərəflər bunu nə qədər inkar etməyə çalışsalar da, inciklik hiss ediləcək. Çünki NATO daxilində Rusiya ilə ən yaxşı münasibəti olan məhz Türkiyədir. Və indiki çətin situasiyada Türkiyənin əvvəlcə İsveç və Finlandiyanın NATO-ya ehtimal olunan üzvlüyünə qətiyyətlə “yox” deməsi, sonra isə buna icazə verməsi Kremldə siyasi zərbə kimi qiymətləndirilə bilər.
Üçüncüsü, nəzərə almaq lazımdır ki, Türkiyədə prezident seçkiləri yaxınlaşır. Əgər İsveç və Finlandiya NATO-ya üzv olsa, müxalifət seçki kampaniyasında bu məsələdən istifadə edəcək, hazırkı iqtidarı iradəsizlikdə ittiham edəcək. Ərdoğanın İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə icazə verməsinin qarşılığında hansı uğuru əldə etdiyi isə onun rəqiblərini maraqlandırmayacaq.
Bu, ictimaiyyətə açıqlanmasa da, ola bilsin, NATO daxilində üzvlüyə razılıq verməsi üçün Türkiyəyə hansısa təzyiqlər olunub. Ya da Ərdoğanın qazancı kifayət qədər əhəmiyyətlidir. Hərçənd dediyimiz kimi, məsələ hələ tamamilə həllini tapmayıb və bundan sonra ciddi gözlənilməzliklər ola bilər. Ən azından ona görə ki, adı çəkilən ölkələr mütləq terrorçuları qaytarmalıdır. Və Türkiyə rəsmiləri, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə bu barədə xəbərdarlıq ediblər. Bildirilib ki, əgər sözügedən ölkələr vədlərini yerinə yetirməsələr, Ankara üzvlüyə mane olacaq.
Qarşıdakı günlərdə, yəni Stoltenberqin nəzərdə tutduğu bir ay müddətində Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığının olması və ya səfərin baş tutması mümkündür.
Kənan Novruzov,
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti