
Pentaqonun radiasiya-kimyəvi təhlükəsizlik üzrə rəhbəri Endryu Haqq vəzifəsindən kənarlaşdırılıb. Buna səbəb onun tanışlıq tətbiqində bir qadına məxfi məlumatları açıqlaması ilə bağlı yayılan xəbərlər olub.
"CBS News" telekanalının xəbərinə görə, bu barədə ABŞ müdafiə naziri Pit Heqset mətbuat konfransında məlumat verib.
"O (Haqq - red.) artıq burada işləməyəcək", - deyə o bildirib.
Telekanalın məlumatına görə, söhbət Haqqın ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı məlumatları tanımadığı bir qadına açıqladığını bildirən jurnalist Ceyms O`Kifin paylaşımından gedir. Mətbuat konfransında bununla bağlı Heqsetə sual verilib.
ABŞ müdafiə naziri qeyd edib ki, nazirlik məlumat sızmalarına ciddi yanaşır və daim daxili təhdidləri izləyir. O, həmçinin qeyd edib ki, məxfi məlumatlara əsaslanan materialların dərc edilməsi ciddi risklər yarada bilər.
Ceyms O`Kif ötən həftə "X" hesabında gizli kamera ilə çəkilmiş video paylaşıb.
"ABŞ nüvə bölməsinin rəhbəri milli təhlükəsizliyə təhdid yaradan məxfi məlumatları sızdırıb", - deyə o, görüntülərə əlavə olaraq yazıb.
Jurnalist, həmçinin iddia edib ki, Endryu Haqq ABŞ-ın sinirləri iflic edən maddələrə sahib olmasından və orduda kimyaçının radiasiyaya məruz qalaraq ölməsindən danışıb.(Oxu.az)