
İranın danışıqlara başlamaq üçün irəli sürdüyü yeddi şərti ABŞ hökumətinə çatdırılıb.
Senzor.az bildirir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezainin “X” hesabındakı paylaşımında belə deyilir.
O qeyd edib ki, ABŞ özünü çətin vəziyyətdən çıxarmaq üçün İranın şərtlərini və hüquqlarını qəbul etməkdən başqa seçimə malik deyil.
"Tehranın mesajı aydındır. İranın irəli sürdüyü yeddi şərt ABŞ hökumətinə çatdırılıb", - deyə Rezai bildirib.
Qeyd edək ki, İranın Hörmüz boğazının açılması və ABŞ ilə münasibətlərin nizamlanması üçün irəli sürdüyü yeddi əsas şərt bunlardır: hərbi əməliyyatların dayandırılması; dondurulmuş aktivlərin azad edilməsi; dəniz blokadasının ləğvi; iqtisadi və siyasi sanksiyaların ləğv olunması; ABŞ-ın dəniz və hava qüvvələrinin bölgədən çıxarılması; müharibə təzminatının ödənilməsi; təhdid və təhqirlərin dayandırılması.
Yeri gəlmişkən, ABŞ-İran danışıqlarında vasitəçi ölkə olan Pakistanın daxili işləri naziri Möhsün Naqvin Tehrana səfər edəcək. İran rəsmiləri görüşdə ikitərəfli münasibətlərin müzakirə ediləcəyini bildirsələr də, nazirin ABŞ-dan hər hansı bir mesajı gətirməsinə dair məlumat paylaşmayıblar.