
Çilinin sabiq prezidenti və BMT-nin insan hüquqları üzrə keçmiş ali komissarı Mişel Baçelet BMT Baş katibi vəzifəsinə namizədliyini geri götürdüyünü açıqlayıb.
Senzor.az-ın məlumatına görə, bu barədə Baçelet "Instagram"da paylaşılan videoçarxda bildirib.
"Bu gün mən BMT-nin Baş katibi postu uğrunda mübarizəni davam etdirməmək qərarımı elan edirəm", - deyə o bəyan edib.
Baçelet namizədliyinin irəli sürülməsinə və dəstəklənməsinə görə Braziliya Prezidenti Luis İnasio Lula da Silva və Meksika Prezidenti Klaudiya Şeynbauma təşəkkür edib. O, namizədliyinin irəli sürülməsinin Latın Amerikasından bir qadının növbəti BMT Baş katibi olması ideyasının beynəlxalq müzakirələrdə gündəmə gəlməsinə töhfə verdiyini bildirib.
BMT-nin Baş katibi postu uğrunda mübarizə isə davam edir. İddiaçılar Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi (Argentina), BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan (Kosta-Rika), Seneqalın sabiq prezidenti Maki Sal, Ekvadorun keçmiş xarici işlər naziri və sabiq müdafiə naziri Mariya Fernanda Espinosa Qarses, Qayananın BMT-dəki daimi nümayəndəsi Karolin Rodriqes-Birket və Ekvadorun ABŞ və Fransadakı keçmiş səfiri İvonn Bakidir.