
ABŞ Prezidenti Donald Tramp İrana hücumu ləğv edib.
Senzor.az bildirir ki, bu barədə Donald Tramp “Truth Social"dakı paylaşımında yazıb.
“ABŞ İkinci Dünya müharibəsindən bəri görünməmiş səviyyədə hərbi qüvvə, güc və zərbə potensialı ilə İrana qarşı hərəkətə keçməyə tam hazır vəziyyətdədir. Buna baxmayaraq, İran və digər Yaxın Şərq ölkələri bizdən hücumu təxirə salmağı xahiş ediblər, çünki razılaşmanın əsas konturları üzrə anlaşma əldə olunub.
Bu razılaşma Hörmüz boğazının dərhal, tam və qeyd-şərtsiz açılmasını, eləcə də İranın nüvə təhdidinə son qoyulmasını nəzərdə tutur. Bu müraciəti nəzərə alaraq, dünyanın gələcək rifahı və eyni zamanda uğurlu və firavan İran naminə, qısa müddətdə razılaşma əldə etmək mümkün olacağı təqdirdə, hücumu ləğv etməyə razılıq vermişəm. Mənimlə birlikdə İsrail də bu öhdəliyə qoşulur. Hamı işə başlasın və bunu başa çatdırsın, - deyə ABŞ Prezidenti qeyd edib. 
"Axios" portalı isə amerikalı rəsmiyə istinadən bildirib ki, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud avqustun 1-də Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampla telefon danışığı zamanı bu ölkənin İrana qarşı yeni və güclü zərbələr endirmək planlarından narahatlığını bildirib. O, Donald Trampdan hücumlardan çəkinməsini istəyib. 
Həmçinin bildirilib ki, Qətərdən olan vasitəçilər də avqustun 1-də İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff və Oman nümayəndələri ilə məsləhətləşmələr aparıblar. Qətər tərəfi Hörmüz boğazında normal gəmiçiliyin bərpası ilə bağlı razılığa gəlməyə ümid edib. Nəşr bu məsləhətləşmələr zamanı irəliləyiş əldə olunduğunu yazsa da, təfərrüatları açıqlamayıb.
"Associated Press" agentliyinə danışan mənbənin sözlərinə görə isə, Səudiyyə Ərəbistanı tərəfi ABŞ-ın İranın energetika infrastrukturunu, körpülərini və ya elektrik stansiyalarını hədəf alacağı təqdirdə, Tehranın cavab olaraq Krallığın və Körfəzin digər ölkələrinin enerjiverilişi sistemlərinə hücum edə biləcəyindən narahatdır.
Qeyd edək ki, avqustun 1-də “CBS News” mənbələrə istinadən ABŞ-ın və İsrailin bu həftəsonu İranın enerji infrastrukturuna genişmiqyaslı zərbələr endirməyə hazırlaşdığını bildirmişdi.
Bütün bunlara cavab olaraq İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai ABŞ-a sərt xəbərdarlıq etmişdi.

O, "X" sosial şəbəkəsində ABŞ və İsrailin İrana qarşı mümkün yeni zərbələri ilə bağlı paylaşım edərək bildirmişdi: "Onlar düşünürlər ki, bazarın bağlı olduğu iki gün ərzində bizə sürətli və həlledici zərbə endirə, İranı təslim olmağa məcbur edə bilərlər. Bu, Netanyahunun Trampa təlqin etdiyi bir illüziyadır".
İran rəsmisi əlavə etmişdi ki, ölkəsinə hücum ediləcəyi halda Tehran regionda genişmiqyaslı cavab tədbirləri həyata keçirəcək: "İrana zərbə endirilərsə, biz bütün regionu və onun infrastrukturunu Daş dövrünə qaytaracağıq".
Rezai onu da vurğulamışdı ki, mümkün hücuma cavab yalnız Fars körfəzi regionu ilə məhdudlaşmayacaq: "Düşmənin mümkün hücumuna cavabımız yalnız Fars körfəzi ilə məhdudlaşmayacaq. Biz düşmənin bütün bazalarını və hücumun mənbəyini, harada yerləşməsindən asılı olmayaraq, hədəf alacağıq".
Senzor.az