
İran ABŞ-ın Hörmüz boğazından 1 milyard barel neft keçirməsi iddialarını yalan adlandırıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İran Silahlı Qüvvələrinin sözçüsü general Əbülfəzl Şəkərçi ABŞ hərbi komandanlığının son iki ay ərzində Hörmüz boğazından 1 milyard barel neft daşıyan tankerlərin keçməsi barədə açıqlamasının həqiqətə uyğun olmadığını söyləyib.
Mehr xəbər agentliyi generaldan sitat gətirib: "Bu ifadələr reallıq deyil, əksinə, regiondakı terrorçu Amerika ordusunun yorğun qüvvələrinin əhval-ruhiyyəsini qaldırmaq və Amerikanın böyük maliyyə və insan itkilərini haqlı çıxarmaq üçün uğursuz bir psixoloji əməliyyatdır".
Şəkərçi İran ordusunun hələ də Hörmüz boğazındakı vəziyyətə nəzarət etdiyini deyib.
Xatırladaq ki, daha əvvəl ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper ABŞ ordusunun son iki ay ərzində Hörmüz boğazından 1 milyard bareldən çox neftin daşınmasını təmin etdiyini bildirmişdi.