Seçim zamanıdır: QƏRB, YOXSA ŞƏRQ?
ELÇİN ALIOĞLU YAZIR

Dünya siyasətindəki əvvəlki mexanizmlər dağılıb, yeniləri hələ formalaşmayıb. Yenilənmə prosesindəki geosiyasi düzəndə Azərbaycan nə etməlidir, hansı düşərgə istiqamətində hərəkət etməlidir və ümumiyyətlə, kimin tərəfini tutmalıdır?

 

Suallar çətindir, cavablar isə ilk baxışdan göründüyü kimi, asan deyil. Avropa İttifaqının iqtisadi və maliyyə-texniki böyümə siyasətini müvəqqəti dayandıraraq geosiyasi genişlənmə və təsir imkanlarının artırılması taktikasını seçməsi "qoca qitə"də qüvvələr nisbətini dəyişməkdədir. Avrasiyada gerçək siyasi tektonik proseslər yaşanır, "Qızıl milyard" ilə "Qlobal cənub" arasında qarşıdurma gün keçdikcə daha da sərtləşir.

 

Yaxın Şərq bütünlüklə İsrail-Fələstin münaqişəsinin təsiri, hətta təzyiqi altındadır.

 

Afrika, Cənubi və Şimali Amerikalar, Sakit Okean hövzəsi, Asiya - dünyanın siyasi xəritəsində indi elə bir məkan yoxdur ki, rutin proseslər dayanmasın, ənənəvi geosiyasi modellər işləklik səviyyəsini itirməsin.

 

Belə şəraitdə təbii ki, postsovet məkanında və xüsusilə də Cənubi Qafqazdakı proseslər də sürətlənib.

 

Azərbaycan ərazilərinin 20 faizinin 31 il erməni işğalında qaldığı dövrdə kollektiv Qərbin regiona münasibəti dəyişməz idi. Daha dəqiq olsaq, status-kvonu qorumağa çalışan Qərb torpaqlarımızın işğaldan azad edilməsinə yox, işğalın olduğu kimi qalmasına çalışırdı.

 

Təəccüblü deyil, çünki avrosentrizmin kökündə status-kvo prinsipi dayanır və Avropanın dünyanın bütün başqa bölgələrinə münasibəti də həmin prinsip əsasında formalaşır.

 

Birinci Dünya Müharibəsindən sonra imperiyaların dağılması 1939-cu ilədək səngiməyə doğru getmiş, İkinci Dünya Müharibəsindən sonra daha da sürətlənmişdi.

 

Daha sonrakı soyuq savaş dönəmlərində ölkələrin düşərgələnməsi, qruplarla ittifaqlarda birləşməsi və qütbləşməsi artıq aşkar məsələ idi.

 

Bir tərəfdə Qərb, digər tərəfdə Qərb olmayan ölkələr vardı və qlobal geosiyasətdə “bizdən olmayan bizə qarşıdır” məhfumu hakim olmuşdu.

 

Lakin sonradan düzən yenidən dəyişdi, status-kvonu məhv etmək istəyən dövlətlər cəhdlərinin təkbaşına reallaşmayacağını anladıqlarından səylərini təmərkküzləşdirmək qərarına gəldilər.

 

Kollektiv Qərblə ona qarşı çıxan dövlətlərin və siyasi qüvvələrin qarşıdurması belə başlamışdısa, indi fərqli şəkildə davam edir.

 

İndiki şərait son onilliklər ərzində dünya siyasətindəki ən ağır və bəlkə də ən təhlükəli vəziyyətdir. İnkişaf etməkdə olan dövlətlərin bir neçəsi artıq inkişaf etmiş ölkələr sırasındadır.

 

Onlar statuslarını bilərəkdən aşağı səviyyədə saxlayırlar ki, bunun da merkantil səbəbləri var.

 

İndiki mövqe, yəni inkişaf etməkdə olan dövlət statusu həmin dövlətlərə güzəştli kreditlər, imtiyazlı maliyyə yardımları almağa və üzv olduqları beynəlxalq təşkilatlara kiçik həcmli ödənişlər etməyə imkan verir.

 

Statusun dəyişəcəyi və bu ölkələrin inkişaf etmiş dövlətlər sayılacağı təqdirdə isə, onlar güzəştli kreditlərlə imtiyazlı ödəniş haqlarından məhrum olacaq və özləri inkişaf etməkdə olan dövlətlərə yardımlar etmək məcburiyyətində qalacaqlar.

 

Avropa İttifaqının kolliziyaları, NATO-nun Rusiya ilə qarşıdurması, İran və Türkiyənin regional geosiyasət çərçivəsindən çıxaraqa genişlənməyə doğru atdıqları addımlar - bütün bunlar Cənubi Qafqaz bölgəsinə təsirsiz ötüşməyən proseslərdir.

 

Azərbaycan hadisələrin episentrində olmasa da, regionun siyasi lideri, iqtisadi mərkəzi və geosiyasi qovşağıdır. 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdıran rəsmi Bakı Xankəndidəki artıq keçmiş separatçı xuntaya qarşı lokal antiterror tədbirlərindən sonra mövqelərini daha da möhkəmlətdi.

 

Azərbaycan indi postsovet məkanı ilə yanaşı, bütün Avrasiyada ərazisindəki separatizm problemini həll etmiş yeganə dövlətdir. Bu, gerçəkdən də həddən ziyadə böyük geosiyasi uğur, dövlətin imici və vətəndaşların rifahı baxımından az ölkənin nail ola biləcəyi məqamdır.

 

Ölkəmizin mövqelərini daha səbatlı edərək güclənməsi, bölgənin ağırçəkili dövlətlərindən birinə çevrilmək istiqamətində irəliləyişi təbii ki, çox ölkələri və təşkilatları narahat edir.

 

Səbəblər sadədir.

 

Azərbaycanın müstəqil siyasəti və tam suveren diplomatiyası bölgədəki proseslərə təsir imkanlarını artırmağa çalışan dövlətləri ciddi narahat edir. Rəsmi Bakının siyasəti hətta belə ölkələri təşvişə salır.

 

Fransa başda olmaq şərtilə, bir sıra dövlətlərin aşkar ermənipərəst siyasəti, Ermənistana tam dəstək verilməsinə yönəlmiş ritorikasının kökündə Bakını zəiflətmək durur. Çünki zəif Bakı mütləq şəkildə özünə geosiyasi və iqtisadi hami axtaracaq, təlimatlar və göstərişlər əsasında siyasət yürüdəcək, ən önəmlisi - beynəxalq maliyyə təşkilatlarından «güzəştli» adlı, əslindəsə ölkələri istismar edən faiz dərəcəli və şərtlərli kreditlər alacaq ölkə olmalı idi.

 

Olmadı, əksinə Azərbaycanın özü inkişaf etməkdə olan dövlətlərə yardımlar edir, bir neçə dövlətin iqtisadiyyatına sərmayələr yatırır, beynəlxalq loqistika və transregional layihələrdə əsas üzv qismində çıxış edir. Bütün bunlarla yanaşı, ölkəmiz ən böyük dəhliz marşrutlarında qovşaq ölkə statusundadır.

 

Hazırda monoqütblü dünya düzəninin dağıldığını, Çin və ABŞ-ın aparıcı rol oynadıqları iki düşərgənin formalaşdığını, Qərblə Şərq arasında qarşıdurmanın kəskinləşdiyini nəzərə alsaq, Azərbaycan hansı düşərgədə yer almalıdır?

 

Sual maraqlıdır, amma ritorik deyil.

 

Əhali, ərazi, sənaye potensialı, iqtisadiyyat, hərbi güc və s. amillər baxımından ölkəmiz dünyanın böyük gücləri ilə rəqabət aparmaq niyyətində deyil, bunu istəsə də edə bilməz. Ona görə də müstəqil siyasətimiz indiki kursda və mövcud istiqamətdə davam etdiriləcək.

 

Balanslaşdırılmış yox, ölkənin maraqlarının və mənafelərinin təminatına yönəlmiş siyasət yürüdürük ki, bunun da əsasını tam suveren diplomatiya təşkil edir.

 

Qərb, yoxsa Şərq? Bu ritorika bəsitdir, primitivdir və Azərbaycana görə deyil.

 

Avropa ölkəsiyik, lakin Şərq dövlətiyik və məzkur səbəbdən hər iki düşərgədə təmsil olunuruq, hər iki düşərgə ilə sıx əlaqələrə məlikik.

 

Və hər iki düşərgədəki lider dövlətlərlə rəvan, normal münasibətlərimiz var.

 

Fransanın isterik siyasəti, Bakıya düşmən münasibəti isə mövcud geosiyasi qanunları bir daha təsdiqləyən istisnadır.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.