ABŞ və Ermənistan arasında iki ölkənin bir sıra müvafiq departamentlərinin yüksək vəzifəli şəxsləri səviyyəsində intensiv hökumətlərarası məsləhətləşmələr aparılıb.
İrəvan və Vaşinqton arasındakı razılaşmaya görə, Rusiya Ermənistana təzyiq göstərsə və ya embarqo tətbiq etsə, ABŞ aşağıdakı sahələrdə güclü dəstək verəcək:
Ermənistanın dizel yanacağı və enerji ehtiyatları ilə təmin edilməsi.
Metsamor AES-in alternativ nüvə yanacağı ilə təmin edilməsi (hazırda buna “Rosatom” cavabdehdir).
Birləşmiş Ştatlar həmçinin AES-in idarə edilməsi və istismarının təmin edilməsi üçün Ermənistana bütün lazımi texniki dəstəyi göstərməyə hazırdır.
Rusiya Federasiyasından buğda və buğda unu idxal edən Ermənistanın müvafiq alternativ təchizatla təmin edilməsi.
Qeyri-qanuni rejimin buğda yetişdirdiyi Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra Ermənistan üçün ərzaq təhlükəsizliyi problemi xüsusilə kəskinləşib.
Lazım gələrsə, erməni internet provayderləri Amerika peyk interneti ilə təmin olunacaqlar.
ABŞ Ermənistanda mümkün xarici valyuta kəsiri Rusiyanın sərt sanksiya addımları nəticəsində yaranarsa, onu ödəməyə hazırdır.
Ermənistan Silahlı Qüvvələri lazımi hərbi texnika, uniforma və silahlarla təmin olunacaq, Ermənistan təhlükəsizlik orqanları, o cümlədən polis lazımi texniki dəstək alacaq.
Anladığımız kimi, amerikalılar heç vaxt Rusiya bloklarının (KTMT, Aİ) üzvü olan ölkəyə belə təhlükəsizlik şəbəkəsi verməyəcəklər. Və əgər Vaşinqton regionumuzun mürəkkəb coğrafiyasında buna zəmanət verirsə, o zaman Ermənistanın bunun müqabilində hansı addımları atacağını təxmin etmək olar: Rusiya qoşunlarının tamamilə çıxarılması, KTMT-dən, Avrasiya İqtisadi Birliyindən çıxmaq.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryansa dünən yerli İctimai Televiziyanın efirində olarkən söyləyib: "Ermənistan Avropa İttifaqının mülki missiyasının genişləndirilməsini alqışlayır və regionlaşma və qonşu ölkələrlə əməkdaşlıq prinsiplərinə zidd olmadan gələcəkdə Fransa, Hindistan və digər ölkələrdən silah almaq imkanını nəzərdən keçirir”.
A.Qriqoryan daha sonra deyib: “Bizim KTMT-nin yürütdüyü siyasət və Ermənistana münasibəti ilə bağlı suallarımız var. Həmkarlarımızın bu suallara cavab verəcəklərini gözləyirik”.
O, Ermənistanın bu vəziyyəti nəzərə alaraq niyə KTMT-dən çıxmaması ilə bağlı suala cavab verərək bildirib: "Bizim siyasətimizi davam etdirməyin ən yaxşı yolu budur”.
... ABŞ-da və Qərbdə hazırda "ən ağıllı ermənilərdən biri" kimi tanınan, amma Ermənistanda "xain, satılmış, savadsız" sayılan Jirayr Liparityan illər əvvəl soydaşlarına müraciət edərək demişdi: "Ermənilər, bilin: bizim bütün problemlərimiz başqaları ilə bağlı deyil. Başqalarından, hansısa dövlətlərdən və ya təşkilatlardan dəstək, yardım gözləməyin. Problemlərimizin əsas, bəlkə də yeganə səbəbkarı elə özümüzük".
Liparityanın dedikləri təbii ki, Ermənistanda qəbul edilmədi və indi də kollaborasionist, xəyanətkar, satqın insanın sözləri qismində anılır. Tarix isə emosional yanaşmanı qəbul etmədiyi kimi, kütlənin yanlış mənimsəmə və əxzetmələrini də bir kənara atır.
Ermənistan indi məntiq, rasionallıq, praqmatizm və əxlaqdan kənar siyasət yürütdüyü üçün sadalanan nüansları xarici siyasətindən kənar tutan təşkilatlarla dövlətlərin izafi maraq dairəsindədir.
Geosiysi doktrinasında neomüstəmləkəçiliyi əlahiddə fəaliyyət mexanizmi kimi qoruyub saxlayan Fransanın ermənilərə zahirən verdiyi dəstəyin və Ermənistana ünvanladığı yardımların əsasında da sırf merkantil maraqlar durur.
Fransanın ermənilərlə bağlı taktikasını işlək sayan kollektiv Qərb və xüsusilə də Avropa İttifaqı "qoca qitə"dəki erməni icmalarının maliyyəsindən, habelə siyasi və sosial resurslarından yararlanmağa çalışır.
Avropa İttifaqı ölkələrindəki erməni icmasının diaspor təşkilatlarının rəhbərləri yaşadıqları ölkələrin hakimiyyət dairələrini, siyasi elitalarını inandırmağa çalışırlar ki, onlar "Azərbaycanla qarşıdurma"da mütləq şəkildə Ermənistanı dəstəkləməlidir.
Fransa prezidenti Emmanuel Makron və ya Aİ-nin təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrelin İrəvanı dəstəkləməyə yönələn bəyanatları isə Cənubi Qafqazda vəziyyəti daha da gərginləşdirir.
Qərb, daha konkret olsaq Avropa İttifaqı və digər pan-Avropa təşkilatları rəsmi Bakıya təzyiqlərə hesablanmış siyasətlə təhlükəli diskursun yaranmasına rəvac veriblər.
İfrat və irrasional anti-Azərbaycan mövqeyi ilə xüsusilə fərqlənən, hətta regional proseslərlə bağlı geosiyasi marazm "antirekord"larını sıralayan Fransanın strategiyası artıq şərh olunması çətin prosesə çevrilib.
Makron administrasiyasının, habelə Parisdəki siyasi və ictimai isteblişmentin ermənilərlə bağlı mövqeləri Cənubi Qafqazda sülhlə stabilliyin bərqərar olmasının qarşısını alan əsas maneələrdir.
Bəhs etdiyimiz olaylar artıq Azərbaycana qarşı tammənalı, genişmiqyaslı hibrid siyasi, geosiyasi, diplomatik və media savaşı olub. Məqsəd aydındır - Azərbaycan və Qarabağda əsrlərdən bəri yaşamış azərbaycanlılar barədə Qərbdə yanlış təsəvvürlər yaradaraq naqis reallıq formalaşdırmaq.
Çağdaş geosiyasət prinsipləri baxımından ölkəmizə qarşı "imkanlar savaşı" aparılır.
Bilərəkdən dezinformasiyaların yayılması, Bakının fasiləsz olaraq müxtəlif məsələlərdə suçlanması, Ermənistanla yekun sülh müqaviləsinin imzalanmasına yönəlmiş prosesdə süni sədlərin və çətinliklərin yaradılması - bölgədəki situasiya normallıqdan çox uzaqlaşdırılır.
Əminliklə demək olar ki, Qərb Ermənstanı yeni Ukraynaya çevirmək niyyətindədir.
Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbə meylli siyasətinin səbəblərini anlamaq olar: onlar bəsitdilir və zahirdədir. Ermənilər Rusiyadan mənəvi-sosial baxımdan əsrlərdən bəri asılılığın 1991-ci ildən sonra tam diktata çevrilməsinin yaratdığı fəsadları aradan qaldırmaq istəyirlər.
Ermənistan bəyan edir ki, bütün dövlətlərlə normal münasibətlər qurmaq istəyir, Rusiydan asılı qalmaq istəmir, Moskvanın təsirindən və təzyiqindən qurtulmaq istəyir.
Pis səslənməyən bəyanatlardır, amma mahiyyət fəsadlıdır. Ermənistanın hakiimyyət dairələri qurtuluş yolunu silahlanmada, ərazi iddialarından əl çəkməməkdə, bölgədə dayanıqlı sülhün, normal tərəfdaşlığın və region ölkələrinin inkişafına yönəlmiş əməkdaşlığa start verilməsinin məhvər prinsiplər təşkil etdiyi prosedurların başlanmasını istəmir.
Tam əksinə, Fransanın diqtəsi ilə hərəkət edən Ermənistan ordusunun qalıqlarını sürətlə silah-sursat və hərbi texnika ilə təchiz etməklə militarlaşmaq niyyətini gizlətmir. Fransadan, Hindistandan hərbi texnikaların alınması artıq adi bəyanatlar və ya populist açıqlamalar yox, real fəaliyyətdir.
Ermənistan Rusiyadan asılılıqdan qurtulmağa çalışarkən Fransanın neokolonialist siyasətinin yeni qurbanına çevrilməkdədir.
Afrikanın qərbində yerləşən, vaxtilə müstəmləkəsi olan, azadlıq əldə olunandan sonra isə tam asılı vəziyyətdə saxladığı ölkələrin nəzarətdən çıxması ilə barışmaq istəməyən Fransa həmin dövlətlərin Rusiyanın təsiri altına düşdüyünü görür. Bunun qisasını Emmanuel Makron hakimiyyəti Ermənistanı Rusiyanın təsir dairəsindən çıxararaq İrəvanı tam marionetkasına çevirməkdə görür.
Hadisələrin məcrası belə davam edərsə, Ermənistan gerçəkdən də, Fransanın zahirən müttəfiqi və tərəfdaşı, əslində isə müstəmləkəsi olacaq.
Nikol Paşinyan çoxsaylı vədlərə inanaraq düşünür ki, Fransa və Avropa İttifaqı ermənilərə sözün əsl mənasında hamilik edəcək, İrəvan da bundan yararlanaraq mövqelərini gücləndirəcək, Azərbaycana qarşı istifadə etməyə çalışdığı aqressiv ritorikanı daha da sərtləşdirəcək.
Fransa və Hindistandan silah-sursat, habelə hərbi texnikanın alınması Ermənisanda revanşizm təmayüllərinin gücləndiyini göstərir. Təbii ki, Rusiya bütün bunları soyuqqanlı şəkildə seyr etməyəcək, Azərbaycan da erməniləin sürətlə silahlanmasına laqeyd qalmayacaq.
Ermənistanın hakimiyyət dairələri etiraf etmək istəmirlər ki, Fransa ilə ifrat sıx əlaqləər əslində NATO-nun Cənubi Qafqaz regionuna gətirilməsi, Rusiyanın cənubunda Şimali Atlantika Alyansının yeni mövqelər quraraq möhkəmlənməsi istiqamətində ilk addımdır.
Ermənistanda indi sadəcə, Fransanın geosiyasi təsir rıçaqları yoxdur. Qonşu ölkədə Avropa İttifaqının müşahidə-monitorinq missiyası (EUMM), Fransa və Almaniya hərbçiləri, İran hərbçiləri, Rusiya hərbçiləri, habelə ABŞ-ın hərbi kontingenti var.
Ermənistan sürətlə Suriya və Ukraynaya dönməkdə olmaqda isə, kollektiv Qərb Azərbaycana qarşı sərt ritorikalı suçlamalarını, ittihamlarını və təzyiq cəhdlərini artırır.
Bütün bunlar təsadüf deyil…
Elçin Alıoğlu (Trend)