Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirildi. Milli KANAK Azadlığı Cəbhəsi tərəfindən təşkil edilən aksiyaya 10 minədək etirazçı qatılıb. Etiraz aksiyasında cəmi üç bayraq qaldırılıb ki, bunlardan biri də Azərbaycan bayrağıdır. Aksiya iştirakçıları Azərbaycan bayrağını ön cərgədə daşıyıb, tribunaya sancıblar.
Prinsip etibarilə aksiya iştirakçılarının Azərbaycan bayrağını ön cərgədə daşıyıb, tribunaya sancmaları təsadüfi deyil. Rəsmi Bakı Fransadan fərqli olaraq irqçi, islamofob, antisemit və neokolonialist ölkə deyil. Hətta bu neqativ baxışlara qarşı çıxır, mübarizə aparır.
Azərbaycan Fransadan fərqli olaraq separatizmi deyil, xalqların öz müqəddəratını təyinetmə prinsipini dəstəkləyir. Belə ki, rəsmi Paris vaxtilə həm keçmiş qondarma rejimə, həm də hazırda Bakıda həbsdə olan “lider” Araik Arutyunyana dövlət kanalında platforma tanıyıb, separatizmə dövlət səviyyəsində açıq dəstək verirdi. Halbuki Fransa özü başda Yeni Kaledoniya və Korsika olmaqla müstəmləkələrində xalqların öz müqəddəratını təyin etməsinə izn vermir, əksinə qanunsuz şəkildə referendumlara müdaxilə edirdi.
Azərbaycan isə Fransadan fərqli olaraq 2023-cü il iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısında Martinik, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis, Futuna və Solomon adalarının nümayəndələrinin iştirak edib haqq səsini deməsinə şərait yaratdı.
Bundan başqa, Bakı Təşəbbüs Qrupu çərçivəsində müxtəlif səviyyədə tədbirlər davam etdirilir. Son olaraq bu il noyabrın 21-də Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda konfrans təşkil edilib.
Bu gün Fransa Ermənistanı siyasi, iqtisadi və hərbi baxımdan aktiv şəkildə dəstəkləyir. Xüsusilə Parisin İrəvanı silahlandırması Azərbaycanla sülhün əldə edilməsini çətinləşdirir. Paris Ermənistanla Azərbaycan arasında yeni müharibənin olmasında maraqlıdır. Bu müharibənin Ermənistan ərazisində baş verməsi üçün əlindən gələni edir.
Fransa son zamanlar Azərbaycana qarşı iqtisadi sanksiyalar paketi də hazırlayır. Bu yolla Bakını iqtisadi baxımdan zəiflətmək istəyir. Diqqətçəkən məqam isə Azərbaycanın Fransaya çox sərt reaksiya verməməsidir. Bir çox hallarda rəsmi Bakı soyuqqanlılığını qoruyur.
Əslində, Azərbaycanın Fransaya vurduğu zərbə, verdiyi mesaj Parisin Bakıya vuracağından 10 qat daha ciddidir. Bakının başda yeni Kaledoniya və Korsika olmaqla Fransanın müstəmləkələrinə öz müqəddəratlarını təyin etməsi üçün verdiyi siyasi dəstək düşünüldüyündən daha uzaqgörən bir siyasətdən xəbər verir. Bakı faktiki olaraq Parisə “öz meydanında” cəbhə açıb.
Turan Rzayev,
politoloq