Bazar gecəsi Serbiyanın paytaxtı Belqradda küçələrə çıxan 2490 insan ölkə hakimiyyətinə, xüsusilə də Prezident Aleksandar Vuçiçə etiraz edib. Onlar Vuçiçin istefasını, hökumətin buraxılmasını və parlament seçkilərinin nəticələrinin ləğvini tələb ediblər.
Aksiya iştirakçıları gecə saatlarında dövlət qurumlarının binalarına, o cümlədən paytaxt meriyasına hücum ediblər. Polis iğtişaşları yatırıb, aksiyaya qatılanlara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Ölkənin radikal müxalifətindəki "Serbiya zorakılığa qarşı" koalisiyasının üzvləri gecə saatlarında Belqrad şəhər meriyasının binasını mühasirəyə almışdılar. Onlar binaya soxulmağa çalışırdılar.
Xatırladaq ki, ölkə müxalifətinin fasiləsiz etiraz aksiyaları fonunda Serbiya Prezidenti Aleksandar Vuçiç növbədənkənar parlament və bələdiyyə seçkiləri elan etmişdi. Dekabrın 17-də keçirilmiş seçkilərin nəticələrinə görə, Prezidentin başçılıq etdiyi "Aleksandar Vuçiç-Serbiya dayanmamalıdır" koalisiyası səslərin çoxunu toplayıb. "Serbiya zorakılığa qarşı" koalisiyası 23 faiz səslə 2-ci yerdə olub.
Serbiyanın Milli Skupşinasına (ölkə parlamenti), habelə Voyevodina muxtar diyarının Skupşinasına və 65 yerli qanunverici orqana keçirilmiş seçkilərdə Prezident A.Vuçiçin sədr olduğu Serbiya Mütərəqqi Partiyasının lider olduğu koalisiya iqtidarı formalaşdıracaq. "Serbiya zorakılığa qarşı" koalisiysı 63 mandata yiyələnib. Serbiya Sosialist Partiyası isə 6,9 faiz səslə 3-cü yerdədir.
Serbiya Prezidenti A.Vuçiç xalqa müraciət edərək bildirib ki, heç bir inqilab və ya qiyam yoxdur: "Sizə demək istəyirəm ki, Serbiya vətəndaşları, səhnələr dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir. Dinc reaksiya ilə biz təsadüfi nümayişçilərin heç birini incitməməyə çalışırıq. Xarici kəşfiyyat xidmətləri iğtişaşların hazırlanması və Belqrad şəhər administrasiyasının binasını müxalifət tərəfdarları tərəfindən ələ keçirmək planları barədə Serbiya təhlükəsizlik qüvvələrini əvvəlcədən məlumatlandırıb. Biz bir neçə gündür ki, xarici faktorla, baş verənlərlə bağlı xəbərdarlıq edirik. Çoxları özlərini sadəlövh kimi göstərdilər və baş verənləri eşitmək və ya görmək istəmədilər. Tam olaraq nə hazırlandığını bildiklərini və vaxtında cavab verən və hücum edənlərin nə planlaşdırdıqlarını dəqiq bilən kəşfiyyat xidmətlərimizə məlumat verən xarici xidmətlərə təşəkkür edirik".
A.Vuçiç daha sonra deyib: "Bir çoxları Belqradın anti-Rusiya sanksiyalarına qoşulmasında israr edərək Serbiyaya öz iradələrini yeritməyə çalışır, lakin Serbiya müstəqil ölkədir və müstəqil siyasət yürütməyə davam edəcək. Onlar Serbiyanı zəif görmək istəyirlər ki, əvvəllər olduğu kimi iplə idarə olunacaq oyuncaq kimi idarə etsinlər - hökuməti və nazirləri seçə bilsinlər, hansı siyasətin həyata keçiriləcəyinə qərar versinlər, faksla və ya telefonla əmrlər versinlər ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edin. Amma biz öz siyasətimizi aparmaq istəyirik”.
Serbiyanın baş naziri Ana Brnabiç isə deyib: "Yalnız təşəkkür edə bilərəm! Ola bilsin ki, dediklərim Qərbdə anlayışla qarşılanmasın, lakin Serbiyanın müdafiəsinə durmağın, Rusiyanın xüsusi xidmət orqanlarına təşəkkür etməyin vacibliyini bu gecə hiss etdim. İğtişaşlarla bağlı rusiyalılarda məlumat vardı və onlar həmin məlumatı bizimlə bölüşdülər. Biz də müvafiq qurumlara xəbər verdik. Hamı deyirdi: "Bəli, bu Rusiyanın dezinformasiyasıdır, feyk xəbərlərin yayılmasıdır!" Amma hər şey doğru çıxdı".
Bazar günü Serbiyada "rəngli inqilab" cəhdi ilə bağlı rəsmi Belqrada məhz Moskva xəbər verib. Məlumatda deyilirdi ki, Qərbdən idarə olunan radikallar inzibati binaları və dövlət qurumlarını ələ keçirməyə çalışacaqlar.
Serbiya Prezidenti Vuçiç bu gün Rusiyanın Belqarddakı səfiri ilə görüşəcək.
Belqradda baş verənlərin qısa və rəsmi xülasəsi belədir.
Serbiyanın müxalifət təşkilatları, partiyalar, hərəkatlar və xüsusilə də müxaliflərin nəzarətindəki qeyri-hökumət təşkilatları seçkilərin nəticələrini tanımır, sonucların ləğvini tələb edirlər.
A.Vuçiçin siyasi mövqeyinə və yürütdüyü siyasətə görə ondan narazı olan Avropa İttifaqı da serb müxalifətini, ələlxüsus da "Serbiya zorakılığa qarşı" koalisiyasını dəstəkləyir.
İlk baxışdan normal siyasi prosesdir: müxalifət seçkilərin nəticələrini qəbul etmir, özünü haqlı sayır və etiraz aksiyası keçirir.
Fəqət, belə deyil: Serbiyada "narıncı inqilab" ssenarisi işə salınmışdı.
Baş verənlər indiyədək dünyanın müxtəlif ölkələrində reallaşdırılan və sınaqdan keçirilən ssenari üzrə idi. Heç bir əlavə, dəyişiklik və improvizasiya olmadan.
Əvvəlcə serb müxalifəti seçkilərin nəticələrini tanımadığını bəyan edərək nümayişkaranə şəkildə "aclıq aksiyası"na başladı. Daha sonra yolların bağlanması ilə müşayiət olunan fasiləsiz etiraz aksiyaları və piketlər başladı. Daha sonra Qərbdəki "müstəqil" beynəlxalq təşkilatlar, fondlar və s. aksiyaya qatılanların tələblərini dəstəklədiklərini dedilər.
Bir qədər keçdi, Avropa Parlamenti, ATƏT, Avropa İttifaqı, Avropa Komissiyası və s. təşkilatlardakı bəlli siyasətçilər, deputatlar, habelə "ictimai xadimlər" Serbiya Prezidentinə qarşı olan aksiyalarla tam həmrəy olduqlarını dedilər.
Sonda Qərb mediasında Serbiya iqtidarına və xüsusilə də dövlət başçısına qarşı genişmiqyaslı kampaniya başlandı. Elə həmin an aksiya iştirakçılarının əllərində ingilis dilində yazılmış şüarlar peyda oldu.
Qərbdəki tamaşaçılar və oxucular anlasınlar deyə.
Şərqi Avropada və postsovet məkanında belə ssenarilər indiyədək çox olduğundan Belqradda yaşananlar "rəngli inqilab" taktikasının standartı da sayıla bilər.
Kollektiv Qərbin məqsədi rəsmi Belqradı Kosovonun müstəqiliyini tanımağa, hakimiyyətdə "zəruri dəyişikliklər" edərək Serbiyanı müstəqil xarici siyasətdən əl çəkərək bütünlüklə Avropa İttifaqından asılı vəziyyətə düşməyə vadar etməkdir.
Bunun müqabilində Brüssel və Vaşinqton serblərə "ən geniş miqyasda dəstək" vəd edirlər.
Halbuki, eyni vədlər, ssenari və taktika Ukraynada sınaqdan çıxarılmışdı. Rəsmi Kiyev Qərbə inandı, Avropa İttifaqına və NATO-ya ən yaxın müddətdə qəbul ediləcəyinə şübhə etmədi. Amma bütün bunların əvəzinə dağıdıcı müharibə ilə üzləşdi.
Vaşinqton və Brüssel "hərbi əməliyyatlar olacağı təqdirdə Ukraynanın fasiləsiz yardımlarla dəstək alacağını" vəd etmişdilər. Amma Ukraynanın çoxsaylı istəklərinə rəğmən, Kiyev hələ də gərəkli miqyasda və çeşiddə hərbi yardımları ala bilmir.
Serbiyada dünən yaşananlarda Avropa İttifaqının və pan-Avropa strukturlarının izləri ilə yanaşı, ABŞ-ın USAİD-nin ssenariləri və taktikası da açıq görünür.
Xatırladaq ki, Ukraynadan sonra həmin ssenarini USAİD Moldovada, daha sonra Azərbaycanda reallaşdırmaq istədi. Moldovada alındı, Azərbaycanda yox: çünki rəsmi Bakı ölkədə “rəngli inqilab” etmək istəyənlərin planlarını qabaqcadan, preventik olaraq ifşa etdi.
Serbiyanın radikal müxalifəti ölkə paytaxtında kütləvi iğtişaşlar və "etiraz aksiyası" keçirməklə əslində hakimiyyətə yiyələnməyə çalışırdı.
Maraqlıdır ki, aksiya başlayandan az sonra "Serbiya zorakılığa qarşı" koalisiyası ölkədəki növbədənkənar parlament və bələdiyyə seçkilərinin yox, "yalnız Belqraddakı seçkilərin nəticələrinin ləğvini" istədiyini bəyan etdi.
Belə ekstraordinar və qəfil "açıqlama"ya çoxsaylı səbəblər göstərilsə də, vəsilə çox bəsit idi.
İqtidardakı Serbiya Mütərəqqi Partiyası və onun formalaşdırdığı koalisiya seçkiləri 48 faizlik nəticə ilə başa vurmuşdu. İndiki dövlət başçısı Aleksandar Vuçiçin başçılıq etdiyi koalisiyanın qələbəsi gözləniləndi: nə baş verməliydisə, o da yaşandı.
Hətta Ukrayna Prezidenti Volodimir Zelenskinin də qatıldığı genişmiqyaslı təbliğat-təşviqat kampaniyası serb müxalifətinin qələbəsini təmin etmədi.
Bütün bunlar Serbiyadakı seçkilərin rəvan, asan və sıradan bir proses olması demək deyil.
Əvvəllər Serbiyanın sabiq prezidenti Slobodan Miloşeviçin başçılıq etdiyi, indi isə sədrin XİN başçısı İvitsa Daçiç olduğu Serbiya Sosialist Partiyası seçkilərdə ilk baxışdan çox pis nəticə göstərdi. Lakin Daçiçin partiyasının əldə etdiyi sonuclar ölkənin liberal müxalifət qüvvələri üçün yüksək nəticə sayıla bilər.
Seçkilərin paradoksu da oldu: belə ki, Branimir Nestoroviçin başçılıq etdiyi "Xalqın Səsi" Partiyası serb Skupşinasında (ölkə parlamenti) yer aldı. B.Nestorvoiç Yerin kürə olmadığını, mavi gözlü insanlarınsa marslılardan törədiklərini deyir.
Voislav Şeşelin başçılıq etdiyi klassiv radikal millətçilər, habelə digər orta, kiçik və ortabab partiyalar seçkilərdə 3 faizlik barajı aşa bilməyiblər.
Serbiya Prezidenti A.Vuçiçin mövqeləri zəifləmək əvəzinə, daha da güclənib. Əhalinin tam əksəriyyəti Qərbin bütün oyunlarına və təzyiqlərinə rəğmən, dövlət başçısının yürütdüyü siyasəti dəstəkləyir.
Kosovonun müstəqilliyini tanımayan, Rusiya ilə əlaqələri kəsməyən A.Vuçiç bütün bunlarla yanaşı, ABŞ və Avropa İttifaqı ilə də normal münasibətləri qorumağa çalışır.
Qərbin daha bir cəhdi uğursuzluğa düçar oldu.
Artıq təəccüblü heç nə yoxdur.