Ermənistan DİN-in polis patrulları paytaxt İrəvanda Qarabağdakı sabiq separatçı xuntanın son lideri Samvel Şahramanyanı saxlayıb cərimələyiblər.
Səbəb Şahramanyanın Ermənistan paytaxtının küçələrində mühafizəçilər və maşın karvanının müşayiəti ilə hərəkət etməsi olub.
Patrul polisləri S.Şahramanyana bildiriblər ki, onun maşın karvanı ilə hərkət etmək hüququ yoxdur.
Başqa sözlə, Ermənistanın baş naziri Nikol Paşinyanın komandası "qarabağlılar klanı"na mənsub olan daşnak S.Şahramanyana açıq şəkildə bildirirlər ki, bu fərd İrəvan iqtidarı üçün tamamilə önəmsiz fiqurdur və əhəmiyyətsiz şəxs sayılır.
S.Şahramanyanın maşının, daha doğrusu, maşın karvanının saxlanılması sıradan hadisə də sayıla bilər. İlk baxışdan belə olsa da, əslində Nikol Paşinyanın kollektiv Qərbə və xüsusilə də erməni diasporuna demarşı sayıla bilər.
Samvel Şahramanyan İrəvanda Paşinyana qarşı xarici ölkələrdəki erməni diasporu ilə yanaşı, Fransa və Rusiyanın istifadə etdiyi fiqurdur.
Qarabağlı erməni separatizminin "mübarizəsinin davam etməsi"nin göstəricisi kimi qələmə verilən bu şəxsdən müxtəlif qüvvələr fərqli məqsədlərlə yararlanırlar.
Onun 2024-cü ilin yanvarın 1-dən etibarən Xankəndidəki artıq sabiq separatçı xuntanın bütün strukturlarının buraxılması barədə fərmanını "qanunsuz və qüvvədən düşmüş" elan etməsi də birbaşa Parisin maraqlarına cavab verən addım idi.
S.Şahramanyanın artıq keçmiş müşaviri Vladimir Qasparyan bu barədə "Azatututyun" radiostansiyasına açıqlama verməsi Ermənistanın hakimiyyət dairələrini həddən ziyadə qəzəbləndirmişdi.
Belə bəyanat faktiki olaraq Ermənistan rəhbərliyinin son aylarda sülh prosesi ilə bağlı bütün açıqlamalarının dezaviuasiya edilməsi, İrəvanın yeni müharibə arzusunda olmasının bildirilməsi idi.
Azərbaycandan Ermənistana könüllü köç etmiş ermənilərin separatizminin gələn ilin yanvarın 1-dən sonra da davam etdirilməsinin Ermənistan üçün həddən ziyadə real təhlükə olduğunu anlayan rəsmi İrəvan S.Şahramanyanı susdurmaq qərarına gəlib.
Sentyabrın 27-də buraxıldığını bəyan edən separatçı xunta indi guya qarabağlı ermənilərə rəhbərlik edir, onların mövqelərindən çıxış edir.
Halbuki belə deyil.
Qarabağlı ermənilərin bundan sonrakı yaşamlarına və talelərini bəlirləmələrinə gəldikdə, onların hər biri Azərbaycana qayıtmaq və ya əksinə, Ermənistanda qalmaqla bağlı qərar verməkdə tam azaddır.
Buna rəğmən, S.Şahramanyan erməni işğalı illərində bir müddət Şuşanın "bələdiyyə sədri" olmuş Sarkis Qalstyanı özünə "müşavir" təyin edib.
İrəvana yollanmayaraq Xankəndidə qalan və Azərbaycan pasportu almaq üçün rəsmi müraciət edən S.Qalstyanın təyinatı isə açıq şəkildə göstərir ki, S.Şahramanyanla onu idarə edənlər qarabağlı ermənilərin separatçı strukturlarını Ermənistanda qorumaq niyyətindədirlər.
Amma Ermənistanının hakimiyyət dairələri anlayırlar ki, separatçı strukturlar gələn ilin yanvarın 1-dən sonra da fəaliyyətlərinə davam etdirəcəklərini bəyan etsələr, bu, rəsmi Bakını sərhəd toxunulmazlığını, vətəndaşların təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün yeni lokal antiterror tədbirlərinə başlamağa sövq edə bilər.
Fransanın hakimiyyət dairələrindən və Ermənistandakı Rusiyaya meyilli qüvvələrdən tam dəstək alan Samvel Şahramanyan isə geri çəkilmək, Nikol Paşinyana qarşı aşkar əks mövqeyini yumşaltmaq niyyətində deyil.
Təsadüfi deyil ki, Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarqsyanın rəhbərlik etdikləri "Ermənistan"la "Şərəfim var" parlament fraksiyaları S.Şahramanyanı dəstəkləyiblər. Onlar qarabağlı ermənilərin separatist qurumlarının Ermənistanda fəaliyyəti üçün "gərəkli yardımlar ediləcəyini" də vurğulayıblar.
Fransa üçün də S.Şahramanyan əlverişli fiqurdur. Rəsmi Paris bu marionetdən istifadə edərək gələcəkdə Azərbaycana qarşı "Qarabağ kartı"ndan istifadə etmək, Bakıya təzyiq cəhdini reallaşdırmaq fikrindədir.
Cənubi Qafqazdakı proseslərə təsir imkanlarına yiyələnmək, Rusiyanı əvvəlcə Ermənistandan, sonra isə ümumiyyətlə, regiondan çıxarmaq, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına imkan verməmək, bu da baş tutmazsa iki dövlət arasında fasiləsiz gərginlik yaranmasına nail olaraq davamlı risklərin mövcudluğunu təmin etmək istəyən Fransa məqsədlərinə çatmaq üçün heç bir vasitədən çəkinmir.
Paris hətta ehtiyac duyduğu təqdirdə İranla belə, situativ müttəfiqlik edir.
S.Şahramanyanı dəstəkləyən Rusiyaya meyilli erməni müxalifəti Moskvanın maraqları çərçivəsində davrandığına əmin olsa da, proseslərin mahiyyəti və məzmunu tam əksinədir.
Qarabağlı separatçıların Ermənistandakı fəaliyyəti İrəvanla Moskvanın münasibətlərində probemlər yarada biləcək amilə çevrilə bilər, çünki Şahramanyanla dəstəsinin aktivliyi Parisin mənafelərinə xidmət edir.
Avropa İttifaqı və ABŞ-a gəldikdə, onlar prosesləri hələlik səssiz müşahidə edir, müdaxilələr etmirlər. Paşinyan iqtidarının bundan sonra hansı addımlar atacağını gözləyərək sonrakı qərarlarını zəruri korrektələr çərçivəsində açıqlamaq istəyirlər.
Qarabağlı ermənilərin separtizminin dəstəklənməsi, tarixə qovuşmuş Xankəndi xuntasının ölü strukturlarının diri tutulması üçün göstərilən cəhdlər rəsmi İrəvanın maraqlarına cavab vermir, çünki bütün bunlar N.Paşinyanın mövqelərinin zəiflədilməsinə yönəlib.
Erməni diaspor təşkilatlarının və Fransanın əsas məqsədi sülh sazişinin imzalanmasına maneələr yaratmaq, Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesinə başlanmasına imkan verməmək, vəziyyəti maksimum dərəcədə gərginləşdirmək, ermənilər arasında revanşizm, ifrat millətçilik, irqçilik və Njdenin “sexakronizm” ideyalarının daha geniş yayılmasına nail olmaqdır.
Proseslər fərqli məcradadır: Azərbaycanla Ermənistan yekun sülh sazişinin imzalanmasına yaxınlaşıblar. Bundan sonra nəticəyə hesablanmış effektiv fəaliyyətə ehtiyac duyulur.
Təbii, təqribən 30 il davam edən, heç bir nəticə verməyən danışıqlardan sonra Bakı və İrəvanda müəyyən yorğunluq, frustrasiya var. Lakin problemləri həll etmək üçün mövcud anlaşılmazlıqları və mübahisəli məsələləri aradan qaldırmaq üçün ikitərəfli komissiyanın yaradılmasına zərurət duyulur.
Nikol Paşinyanın başqa çıxış yolu yoxdur.
Samvel Şahramanyan isə müvəqqəti, mənasız fiqurdur.