"Avropa ölə bilər" - Fransanın prezidenti Emmanuel Makron belə xəbərdarlıqla çıxış etmişdi. Halbuki ölüm təhlükəsi ilə qarşılaşan elə Makron hakimiyyəti və makronizmdir.
Avropa Parlamentinə seçkilərdə məğlubiyyətə Emmanuel Makron çox riskli qərarla cavab verərək ölkədə növbədənkənar parlament seçkiləri elan etmişdi.
Bu qərar E.Makronun yeni siyasi avantürasıdır, yoxsa Parisin siyasi elitalarının çox hiyləgər çoxgedişli planı?
Fransanın siyasi landşaftı dəyişir. Emmanuel Makron və onun lider olduğu "İntibah" partiyası sürəkli gerilədi, ölkə parlamentinin aşağı palatası buraxıldı, radikal solçular çoxsaylı və genişmiqyaslı etiraz aksiyalarına başladılar.
Ölkədə növbədənkənar parlament seçkilərinin ilk turu iyunun 30-da, ikinci tur isə iyulun 7-də keçiriləcək.
Avropa Parlamentinə seçkilərdə təqribən 40 faiz səs toplamış ifrat sağçılarla radikal mühafizəkarlar birləşiblər. Fransanın ən böyük həmkarlar təşkilatları olan CGT, CFDT, "Unsa", FSU və "Unef" küçələrə yüz minlərlə insan çıxarırlar.
"Məğlub olmamış Fransa", "Ekoloqlar", Sosialist və Kommunist partiyaları isə birləşərək "Yeni Xalq Cəbhəsi" koalisiyası yaradıblar.
Koalisiyanın seçki proqramında bildirilir ki, birləşmiş solçular gündəlik tələbat mallarının qiymətlərini dondurmaq, təqaüd yaşının artırılması və işsizlik sığortasının islahatları barədə E.Makronun fərmanını ləğv etmək niyyətindədir.
Sağçılarla solçular əmək fəaliyyətinə görə təqaüdün məbləğini minimum əmək haqqına, qocalığa görə təqaüdü minimum yaşayış həddinə çatdırmaq istəyirlər. Ən başlıcası isə onlar Fransada fasiləsiz bahalaşmanı nəzərə alaraq minimum əməkhaqqını bütün vergilər çıxılandan sonra 1600 avro etmək istəyirlər.
Fransız kəndlilərə və fermerlərə məhsullara görə minimal alış qiymətləri vəd olunubsa, iri aqrar və ticarət korporasiyaların gəlir vergiləri artırılacaq.
Solçularla sağçılar Fransada "Vahid Kənd Təsərrüfatı Siyasəti" (GAP) proqramının da dəyişdiriləcəyini vəd edirlər.
Bütün bunlarla yanaşı, Emmanuel Makronun sosial mənzillərin inşasına dövlət dotasiyalarının dayandırılması barədə fərmanının ləğv ediləcəyi, dövlət səhiyyəsinin və təhsilinin xilas ediləcəyi də vurğulanır.
Bu və digər yeniliklərin Emmanuel Makronun 7 illik hakimiyyəti və 3 ildən bəri səngiməyən inflyasiya nəticəsində həyat şərtləri ağırlaşmış şəxslərin yaşamlarının normallaşmasına yönəldiyi söylənilir.
Fransada vətəndaşların əksəriyyəti belə vəziyyətdədir.
Makronun rəqibləri Fransanın "dənizötəsi əraziləri" adlandırdığı müstəmləkələri ilə bağlı problemləri də həll etmək niyyətindədirlər. İlk əvvəl "Yeni Kaledoniya" adlandırılan Kanakiyada sülh və əmin-amanlıq bərqərar olmalı, irqçilik və neomüstəmləkəçilik siyasətinə son qoyulmalıdır.
Solçuların vahid cəbhəsi seçki dairələrini uğurla bölüşdürə bilib. Belə ki, 229 dairə solçu-populist "Məğlub olmamış Fransa"ya, 175 dairə - sosialistlərə, 92 dairə - ekoloqlara, 50 dairə kommunistlərə çatıb.
Jan-Lük Melanşonun rəhbərlik etdiyi "Məğlub olmamış Fransa" Avropa İttifaqı və NATO ilə bağlı radikal yeniliklər, yaxud islahatlar niyyətində deyil.
Radikal sağçıların düşərgəsində də ziddiyyətlər var. Marin Le Penin lider olduğu "Milli Vəhdət" bəyan edib ki, Erik Zemmurun başçılıq etdiyi ultrasağçı "Rekonkista" Partiyası ilə koalisiya qurmaq fikirləri yoxdur. Əvəzində "Milli Vəhdət" hazırda Erik Çiottinin sədr olduğu mühafizəkar Respublikaçılar Partiyası ilə alyans qurmağa can atır.
Bu günə olan məlumatlara görə, Respublikaçılar Partiyasından təxminən 70 nəfər "Milli Vəhdət"in namizədləri ilə eyni siyahıda yer alacaqlar.
Respublikaçılar mühafizəkar qollistlər olsalar da, miqrantlar məsələsində sağ populistlərlə eyni baxışlara malikdirlər.
Emmanuel Makronun parlamentin buraxılması barədə qərarı ilk əvvəl onun tərəfdarlarını və dövlət qulluqçularını şoka salıb. Parlament seçkilərində məğlubiyyətə uğrayacağı təqdirdə prezidentin istefa verəcəyi də vurğulanırdı. Lakin Emmanuel Makron bəyan etdi ki, növbədənkənar parlament seçkilərində uğursuzluğa duçar olsa belə, postunu tərk etməyəcək.
Onun tərəfdarları və Parisdəki hakim siyasi isteblişmentin mənsubları arasında iqtidardakı "İntibah"ın seçkiqabağı kampaniyasına E.Makronun yox, baş nazir Qabriel Attalın rəhbər olmasını arzulayanların sayı sürətlə artır.
E.Makronun daxili siyasətindəki mövqelərində maraqlı nüans var: o, başçılıq etdiyi "İntibah"ın uğursuzluğunun başlıca səbəbi qismində "hakimiyyətə təsadüfi qüvvələrin gəlişini istisna etməyən mövcud siyasi sistem"i görür.
Fransa prezidentinin hakimiyyətdə qalmasını təmiin etməsi üçün Konstitusiyaya dəyişikliklərə əl atacağı istisna deyil.
Məhz bu səbəbdən Emmanuel Makronun orta statistik fransızları sol və ya sağ düşərgədən gələn radikalizmlə qorxutmağa çalışması təsadüfi deyil.
O, BFM TV telekanalına verdiyi müsahibəsində bildirib ki, solçularla sağçıların ifrata varmaları nəticəsində Fransa vətəndaş müharibəsi təhlükəsi ilə qarşılaşa bilər.
"Marin Le Penin ifrat sağçı "Milli Vəhdət" Partiyası insanları mənşəyinə və dini mənsubiyyətinə görə ayıraraq vətəndaşları qarşıdurmalara təhrik edir. Jan-Lük Melanşonun solçuların "Yeni Xalq Cəbhəsi" alyansına daxil olan "Məğlub olmamış Fransa" Partiyası isə öz kommunitarizm formulunu təklif edir ki, bunun da nəticəsi vətəndaş müharibəsi ola bilər. Çünki Melanşon insanları icma və ya dini mənsubiyyətinə görə ayırır", - E.Makron deyib.
Onun sözlərinə görə, cəmiyyətdəki problemlərin çox sürətli həllini təklif edən bu iki ifrata varmaya fransızlar aldanmamalı, iki-üç il səbr etməli, təhlüksizliyin və qanunun təminatına çalışmalıdırlar.
Göründüyü kimi, Emmanuel Makron həm sağ, həm də sol düşərgələrlə koalisiyaları içdən parçalamağa çalışır, mülayim Sosialistlər və ya Respublikalçılar partiyaları ilə anlaşmaya gedə biləcəyini istisna etmir.
Bütün bu oyunlar və hiylələr E.Makrona kömək etməyəcək. Qarşıdakı seçkilərlə bağlı rəy sorğulanının nəticələri hələlik açıqlanmasa da, nüfuzlu "İpsos"un milli seçki modelinin hazırlayaraq əhalinin rəyini öyrəndiyi ötən sorğunun sonucları var. Həmin sonuclara görə, Fransada radikal və hətta ifrat sağçılar parlament seçkilərində əhəmiyyətli səs çoxluğu ilə qalib gələ bilərlər.
Ancaq bütün bunlarla yanaşı, yaşananların Parisdəki hakimiyyət elitalarının çox hiyləgər və düşünülmüş oyunu olması da istisna edilmir. Belə ki, parlamentin buraxılması, növbədənkənar seçkilərin keçirilməsi və hətta iqtidardakı siyasi isteblişmentlə biznes elitaların birgə strategiyasının tərkib hissəsi olduğunu deyənlər də az deyil.
Həmin strategiya məcburi, amma uzunmüddətli plandır.
Fransada illərdən bəri davam edən dərin iqtisadi və siyasi böhran fonunda ölkədə ifrat sağçılarla solçuların populyarlığı sürəkli artır. Belədə sağçıların namizədinin 2027-ci ildə keçiriləcək prezident seçkilərində qələbəsi istisna deyil.
İndisə növbədənkənar parlament seçkilərində deputat mandatlarının çoxunu qazanacağı şübhə doğurmayan ifrat sağçı "Milli Vəhdət" Partiysı çoxluqla yanaşı, hökumətdə nazir postlarının da böyük qisminə yiyələnəcək və Makron hakimiyyətinin bütün problemlərinə, yarıtmaz və yaramaz siyasətinə görə məsuliyyəti makronçularla paylaşmaq məcburiyyətində qalacaq.
İfrat sağçıların ifrat solçularla amansız mübarizəsi isə onların hər ikisini zəiflədə bilər. Nəticədə liberal qlobalist güclərin yeni və ya "köhnə" namizədinin 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində qələbəsiin təminatı asanlaşacaq.
Bununla yanaşı, Emmanuel Makronun daxili siyasətdəki uğursuzluqlarını ört-basdır etmək üçün xarici siyasətdə aqressiv, radikal və neokolonial siyasətini daha da aktivləşdirəcəyi təxminlənir.
Növbədənkənat parlament seçkilərində ifrat sağçıların qələbəsi, ifrat solçuların əhəmiyyətli sayda mandat əldə etmələri nəticəsində Fransa uzun sürəcək siyasi qeyri-stabillik dövrünə daxil olacaq. Ölkədə millətçi və islamofob siyasət güclənəcək, iqtisadi və sosial problemlər ağırlaşacaq.
Fransanın problemləri mütləq şəkildə Avropa İttifaqında böhran vəziyyəti yaradacaq, çünki problemlər Parisdən Brüsselə maliyyə və diplomatik yollarla keçir.
Emmanuel Makronun bərbad daxili siyasəti nəticəsində Fransa çox ağır maliyyə böhranındadır. Ölkənin dövlət borcu ÜDM-in 110 faizinə, büdcə kəsiri isə 5,5 faizə çatıb.
İfrat sağçılarla ifrat solçular büdcə xərclərinin artırılmasını, maaşların yüksəldilməsini və vergilərin azaldılmasını vəd etdiklərindən, onların hakimiyyətə yiyələnmələri borclarla kəsiri daha da çoxaldacaq.
… “İfop”un keçirdiyi sosioloji araşdırmaların nəticələrinə görə, hazırda “Milli Vəhdət” 36 faiz səslə lider mövqe tutur, solçuların “Yeni Xalq Cəbhəsi” koalisiyası 29,5 faiz səslə ikinci yerdədir.
Hakimiyyət koalisiyası cəmi 20,5 faiz səs toplaya bilib.
Növbədənkənar seçkilərdə mandatların çoxunu ifrat sağçı "Milli Vəhdət" qazanarsa, onda Emmanuel Makron baş nazir postuna qalib partiyanın liderlərindən birini təyin etməlidir.
Fransada bunu "birgəyaşam" ("cohabitation") adlandırırlar.
Marin Le Penin partiyasından baş nazir postuna namizəd "Milli Vəhdət"in sədri Jordan Bardelladır.
Fransada 1958-ci ildə Konstitusiyaya dəyişikliklər ediləndən və Beşinci Respublika bərqərar olandan bəri parlament seçkilərində müxalifətin qalib gəldiyi, baş nazirin bir, prezidentin isə digər siyasi düşərgədən olduğu 3 vəziyyət yaşanıb
Son dəfə belə vəziyyət prezident Jak Şirak və baş nazir Lionel Jüspenin dönəmindəki "birgəyaşam" zamanı idi.
Bəhs etdiyimiz situasiya təkrarlanarsa, Emmanuel Makronun 2027-ci ilədək, yəni yeni prezident seçkilərinədək səlahiyyətləri əhəmiyyətli dərəcədə zəifləyəcək.
Təbii, silahlı qüvvələrə komandanlıq və ya xarici siyasətə nəzarət onun əlində olacaq, amma Fransanın daxili siyasətinə bütünlüklə Makronun siyasi rəqibləri nəzarət edəcəklər.