
Ukrayna Xəzər dənizinin Rusiya sektorunda "Lukoil-Nijnevoljskneft" şirkətinə məxsus Filanovski adına neft hasilatı platformasına uzaqmənzilli dronlarla zərbə endirib.
Senzor.az bildirir ki, bu barədə yerli KİV Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadən yayıb.
"Dəniz platformasına ən azı dörd dəfə zərbə endirildiyi qeydə alınıb. Hücum nəticəsində platforma tərəfindən xidmət göstərilən 20-dən çox quyuda neft və qaz hasilatı dayandırılıb", - deyə mənbə bildirib.
Bu, Xəzər dənizində neft hasilatı ilə əlaqəli Rusiya infrastrukturuna ilk zərbədir.
Qeyd edək ki, Filanovski adına yataq Rusiyada və Xəzərin Rusiya sektorunda ən böyük kəşf edilmiş yataqlardan biridir. Onun ehtiyatları 129 milyon ton neft və 30 milyard kubmetr qazdır. Hasil edilmiş məhsul Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə ixrac edilirdi.