
Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Brüsseldə keçirilən üçtərəfli görüşlə bağlı açıqlama verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, bu gün hökumətin iclasının sonunda mövzuya toxunaraq qeyd edib ki, Brüsseldə təşkil olunan müzakirələr geniş formatda olub, amma asan başa gəlməyib.
“Dünən Brüsseldə Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə görüşdüm. Biz görüşdən sonra müzakirə olunan mövzuların və qəbul edilən qərarların qeyd olunduğu press-reliz yaydıq. Bunlar işlək qərarlardır. Aydındır ki, geniş, çətin müzakirələr aparılıb, amma qeyd etmək istəyirəm ki, bizim məqsədlərimiz çıxışlarımda da qeyd etdiyim kimi, davam edir və belə də olmalıdır. Ermənistan hökuməti sülh gündəmini qəbul edib və bu gündəmi həyata keçirmək üçün qətiyyət lazımdır. Biz başa düşməliyik ki, bu, asan deyil, mümkün həll yolları üzdə görünmür, ardıcıl işi davam etdirməliyik, çünki bizim həm qərarımız, həm də xalqın iradəsi ondan ibarətdir ki, regionda tezliklə hərtərəfli sülh bərqərar olsun. Görüşlə bağlı başqa təfərrüatlar yoxdur, çünki razılaşdığımız hər şey qısa şəkildə təqdim olunub”, - o vurğulayıb. 
Yeri gəlmişkən, dünən araşdırmaçı jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi haqqin.az portalı Brüsseldə danışıqların gərgin şəraitdə keçdiyi barədə yazmışdı. Belə ki, Ermənistan tərəfi əvvəlki müqavilələrə baxmayaraq, iki ölkə arasında sülh sazişinin hazırlanması üzrə Azərbaycan və Ermənistan İşçi qruplarının birgə fəaliyyət mexanizminin yaradılmasına mane olmağa çalışırdı. Lakin gərgin danışıqlar nəticəsində İlham Əliyev Ermənistan tərəfinin görüşə və Azərbaycan və Ermənistan İşçi qruplarının birgə fəaliyyətinə razılıq verməsinə nail oldu.