
53 yaşlı erməni əsilli oliqarx, “Troyka Dialoq” investisiya şirkətinin sabiq sahibi və Moskvanın "Skolkovo" idarəetmə məktəbinin banilərindən biri olan Ruben Vardanyan gözlənilmədən Rusiya vətəndaşlığından imtina edib və Qarabağa köçdüyünü bildirib.
Haqqin.az-ın icmalçısı Fərid İsayevin yazdIğına görə, Telegram-kanalında yayımlanan videomüraciətdə Vardanyan bildirib ki, Qarabağda, yəni Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində "Artsaxın təhlükəsizliyi və inkişafı fondu"yaradır.
Vardanyan bu müraciəti Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin Şıx Dursun kəndində, soydaşlarının dediyi kimi, iki min ildən artıq yaşı olan və iddialara görə "Tenqri platanı" adlandırılan mifik çar Böyük Tiqranın əkdiyi ağacın atında yazıb.
Vardanyan videomüraciətində bildirib: "Mən Qarabağdakı Rusiyalı sülhməramlılarına təşəkkür edirəm. Düşünürəm ki, sülhməramlıların mandatı dəqiqləşdirilməli və onların qalma müddəti Artsax xalqının təhlükəsizliyini öz gücümüzlə təmin edənə qədər uzadılmalıdır”.

Ruben Vardanyan gözünü heç də keçmiş sovet sovxozu əsasında yaradılmış və heç kim tərəfindən tanınmayan qurumda "dövlət naziri" vəzifəsinə yox, Ermənistanın baş naziri postuna dikib
Milyarder həmçinin bildirib ki, yaratdığı Fond ermənilərin bu torpaqlardan "tədricən sıxışdırılmasına" yol verməyəcək və dünya ermənilərini "Artsax uğrunda mübarizə"yə çağırıb.
Erməni oliqarx Rusiya Federasiyasının vətəndaşlığından imtina etmək qərarını şərh edərkən bildirib: "Bu qərarı qəbul etmək mənim üçün asan deyildi. Amma əminəm ki, bu cür düzdür. Ümidvaram ki, rusiyalı tərəfdaşlarım və dostlarım bu qərarı öz dostlarının qərarı kimi qəbul edəcəklər".
Vardanyanın fikrincə, Qarabağ danışıqlarında əsas rolu ATƏT – in Minsk Qrupu və onun üç həmsədri – Rusiya, Fransa, ABŞ oynamalıdır: "Qarabağın taleyi ilə bağlı danışıqlarda iştirakçılardan heç birinin yorğanı özünə tərəf çəkməməsi çox vacibdir. Əminəm ki, əsas rolu ATƏT-in Minsk Qrupu və onun həmsədrləri oynamalıdırlar".
F.İsayev daha sonra yazır: “Güman edirik ki, erməni əsilli rusiyalı milyarderin Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüssel danışıqlarından dərhal sonra Xocavənd çinarının kölgəsində peyda olması təsadüfi deyil.
Bütün bunlar İrəvan ilə Bakı arasında siyasi dialoqun pozulmasına yönəlmiş - əvvəlcədən planlaşdırılmış və Moskvada təsdiq edilmiş təbliğat aksiyasına daha çox bənzəyir. Rusiyanın siyasi elitasına yaxın əlaqələri ilə tanınan Vardanyanın özü isə regional nizamlanmaya xüsusi baxışı olan Kremlin nəzərincə faydalı və gursəsli retranslyator roluna tamamilə uyğun namizəddir.
Moskva milyarderinin "Artsaxın ümumerməni təhlükəsizlik və inkişaf fondu" yaratmaq istəyinə gəlincə, o bu barədə fikirlərini hələ avqustun əvvəlində Qarabağda baş verən toqquşmalardan və Azərbaycan Ordusunun qanunsuz erməni silahlı birləşmələrinə qarşı apardığı "Qisas" əməliyyatından sonra bölüşmüşdü. 
Vardanyan Minsk qrupundan yapışıb
Əgər Vardanyan bir ay əvvəl "Rusiya sülhməramlılarının sayını dəfələrlə artırmağa və onların Qarabağda qalma müddətini uzatmağa" Moskvadan çağırış edirdisə, indi öz sərsəm ideyalarını artıq Xocavənddən, yəni Azərbaycanın suveren ərazisindən - qanunsuz daxil olduğu ərazidən retranslyasiya edir.
Erməni teleqram kanalları isə Vardanyanın Xankəndi rejiminin "dövlət naziri" təyin oluna biləcəyini iddia edirlər.
Bununla əlaqədar xatırlatmaq yerinə düşər ki, 2020-ci ilin payızında 44 günlük müharibədə Ermənistanın məğlubiyyətinin qaçılmaz olduğunu anlayan Ruben Vardanyan Vladimir Putinə müraciət edərək, onu "Qarabağ məsələsini Rusiyanın milli maraqları naminə həll etməyə" çağırmışdı.
Eyni zamanda, Vardanyan erməni əsilli digər rus oliqarxları ilə birlikdə Paşinyan iqtidarını kəskin tənqid edərək, Ermənistan hakimiyyətinin Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etmək üçün “siyasi iradə və qətiyyətə malik olmadığını” bəyan etmişdi.
Bəlkə də Ruben Vardanyanın hədəfi keçmiş sovet sovxozunun bazasında yaradılmış və heç kim tərəfindən tanınmamış qurumda karikaturaçı "dövlət naziri" vəzifəsini yox, Ermənistanın qarabağlı həmvətənlərini müdafiə edə bilməyən Baş nazirinin postunu tutmaqdır?
Yəqin ki, biz bu suala yaxın vaxtlarda cavab alacağıq…”.
Senzor.az