
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Ankarada Nazirlər Kabinetinin növbəti iclasını keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Prezident iclasdan sonra xalqa müraciət edib.
Hökumətin ötən iclasından bu günə qədər ölkənin xarici və daxili siyasətində baş verən proseslər, həyata keçirilən tədbirlər, eləcə də əhalinin sosial-rifahının yüksəlişi istiqamətində atılan addımlar barədə ümumi məlumat verən Prezident Samsunda keçirilən Aerokosmik və texnologiya festivalı “TEKNOFEST-2022 Qara Dəniz”in nəticələri, Malazgirt Zəfərinin 951-ci ildönümü münasibətilə təşkil olunan möhtəşəm tədbirlərin mahiyyəti, Zəfər bayramının yüzüncü ildönümü və s. mühüm məsələlərə dair fikir və mülahizələrini bölüşüb. Dövlət başçısı hökumətin həyata keçirdiyi sosial-iqtisadi proqramların dayandırılmayacağını və heç bir prosesin bu məsələləri əngəlləyə bilməyəcəyini diqqətə çatdırıb.
R.T.Ərdoğan Yunanıstan məsələsinə də toxunub: "Fürsətdən istifadə edərək, son zamanlar ölkəmizə qarşı təzyiq və təkəbbürünü gücləndirən Yunanıstana bir daha xatırlatmaq istəyirəm. Yunanıstan siyasi, iqtisadi və hərbi münasibətlərdə bizimlə bərabər deyil, ona görə də düşmənimiz deyil".
Dövlət başçısı Balkan ölkələrinə sentyabrın 6-da başlayacaq səfərini də xatırladıb: “Türkiyə son zamanlar gərginliyin artdığı bu regionda sülhün, əmin-amanlığın, inkişafın və ədalətin təmsilçisi kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə davam edir”.
Türkiyə liderinin sözlərinə görə, gələn həftə Özbəkistanda “Şanxay beşliyi”nin toplantısı keçiriləcək.
Ərdoğan vurğulayıb ki, bu görüşdə Türkiyə nümayəndə heyəti rəsmi Ankaranın Orta və Şərqi Asiyada hüquq və maraqlarını inkişaf etdirmək yollarını axtaracaq.
"Gələn həftə BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək, dünya və regional gündəmlə bağlı mövqelərimizi ifadə edəcəyik, həmçinin çoxlu görüşlər və müzakirələr aparacağıq. Türkiyənin regionda və dünyada artan gücü, nüfuzu və məsuliyyəti bizə deyir ki, daim üfüqlərimizi genişləndirməli, əlaqələrimizi şaxələndirməli və imkanlardan istifadə etməliyik. Bunun üçün siyasətdən tutmuş iqtisadiyyata qədər bütün sahələrdə hədəflərimizə qətiyyətlə əməl etməli, qlobal hadisələri öz xeyrimizə yönəltməliyik”, - deyə Türkiyə lideri vurğulayıb.
Dövlət başçısının fikrincə, bu cür gərgin səylərin yeganə səbəbi, Türkiyə və onun xalqı üçün bu tarixi fürsətdən ən yüksək səviyyədə istifadə edilməsidir.
"Hər fürsətdə vurğuladığımız və təkrar etdiyimiz kimi, Türkiyə güclü olmalı və gücünü daim artırmalıdır. Əks halda, ölkəmizi fəlakətlərə sürükləmək istəyənlərə fürsət vermişik, bunun nümunələrini ətrafımızda dəfələrlə görmüşük", - Ərdoğan fikirlərini yekunlaşdırıb.
Senzor.az