Prezident Vladimir Putin Rusiya biznesinin Ermənistana və digər Avrasiya İttifaqı ölkələrinə köçürülməsinə normal yanaşır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, dövlət başçısı bu barədə Vladivostokda Şərq İqtisadi Forumunun plenar sessiyasında çıxış edərkən danışıb.
"Biz Rusiya biznesinin xeyrinə olan hər şeyi alqışlayırıq. ... İrəvanda işləmək və faktiki olaraq Moskvada yaşamaq olar, buna heç nə mane olmur. Çoxları artıq qayıdıb, başa düşüblər ki, burada qorxulu heç nə baş vermir, hər şey sabitdir. Əgər kimsə Ermənistanda işləmək istəyirsə, buyursun", - deyə Rusiya KİV-i Putinin çxışından sitat gətirib.
Rusiya Prezidenti əlavə edib ki, bəziləri İrəvanı deyil, Bakını seçir, həmçinin "Qazaxıstanda çox yaxşı maliyyə zonası yaradıblar". Rusiya dövlət başçısının sözlərinə görə, daha çox İT sahəsi ilə bağlı biznes nümayəndələri gedirlər.
Plenar iclasın moderatoru İlya Doronov Ermənistanın Rusiyadan “əmək miqrantlarının axını” ilə üzləşdiyini qeyd edərək, baş nazir Nikol Paşinyandan rusların yerli cəmiyyətə necə uyğunlaşdıqlarını və onların ölkə iqtisadiyyatında hansı rolu oynadıqlarını soruşub. Rusiya Prezidenti buna belə reaksiya verib: "Bağışla, Nikol... Nikol cavab verməyə başlamazdan əvvəl demək istəyirəm ki, Rusiyaya daha çox erməni gəlib. 2 milyondan çox...".
Senzor.az