
Ukrayna Nazirlər Kabinetinin əməkdaşı Rusiyanın xeyrinə casusluqda təqsirli bilinib.
Senzor.az Ukrayna mətbuatına istinadən bildirir ki, yerli hökumətin katibliyində işləyən və aprelin əvvəlində həbs olunan Kiyev vilayətinin sakini Vasili Mexeda 12 il azadlıqdan məhrum edilib.
Onun on beş il Rusiya xüsusi xidmət orqanlarına işlədiyi bildirilir.
İstintaq materiallarında qeyd edildiyi kimi, son illər V.Mexeda Nazirlər Kabinetinin katibliyində Yazışmaların təhlili və monitorinq şöbəsinin baş referenti vəzifəsində çalışıb, buna görə də 2001-ci ilin yanvarından 24 iyun 2010-cu il tarixində ləğv edilmiş dövlət sirlərinə çıxışı olub.
2006-cı ildə Vasili Mexeda Ukrayna Nazirlər Kabinetində işləmiş həmkarının xahişi ilə ilk dəfə məxfi sənədlərin surətlərini çıxarıb. Bu cür tapşırıqların yerinə yetirilməsi üçün hər dəfə 800-3000 dollar alıb. Bir il sonra isə Mexeda həmkarı ilə birlikdə Moskvaya uçub, orada Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları onlara daimi əsasda əməkdaşlıq təklif ediblər və onlar da razılaşıblar.
Sonrakı üç il ərzində Vasili Mexeda Nazirlər Kabinetindən Rusiya xüsusi xidmət orqanlarına maraqlı olan məxfi məlumatları köçürüb və ötürüb. 2010-cu ildən 2015-ci ilə qədər bu əməkdaşlıq kəsilib, lakin sonra yenidən bərpa olunub.
Ukrayna hökumət aparatının əməkdaşı FTX-dan məxfi sənədlərin şəklini çəkmək üçün xüsusi cihaz və yaddaş kartları, həmçinin məxfi əlaqə üçün xüsusi proqramları olan telefon alıb.
Zaman-zaman Rusiya, Belarus, Türkiyə, Azərbaycan, Ermənistan və Kiprə səfər edən Mexeda fotoşəkillər qarşılığında FTX-dan pul alıb.
"O, günahını tamamilə boynuna alıb və istintaqla əməkdaşlıq edib", - casusun vəkili Viktor Ovsyannikov BBC-yə deyib.
Məhkəmə Vasili Mexedanın təqsirini səmimi etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirib və maddə üzrə cəzanın maksimum müddətini on beş ildən on iki ilədək azaldıb.
Senzor.az