
İndi dünyada geosiyasi konfiqurasiyada dəyişiklik var, lakin Ukraynasız Avropanın birləşməsinin başa çatması mümkün deyil.
Senzor.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski YES-in (Yalta Avropa Strategiyası) illik toplantısında çıxışı zamanı deyib.
"İndi bütün dünyada, Avropada geosiyasi konfiqurasiyada dəyişiklik var. Avropada iqtisadi birləşməyə nail olunub. Hesab edirəm ki, Avropada siyasi birləşmə də əldə olunub. Bütün bunlar institutlar, münasibətlər və gündəlik həyat səviyyəsində göz qabağındadır. İndi isə bütün qitənin real dəyər birliyi əldə edilir – yeri gəlmişkən, Ukraynanın sayəsində. Avropa ölkələri arasında olan son maneələr aradan qaldırılır. Bu da ona görədir ki, Avropa azadlığı real surətdə müdafiə edir. Avropa əsl müstəqillik əldə edir”, - deyə Ukrayna Prezidenti bildirib.
O vurğulayıb ki, Ukraynasız Avropanın birləşməsinin başa çatması mümkün deyil.
“Buna görə də, bu qış hər şeyi etməliyik ki, yazda deyə bilək: biz Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqlara başlamağa tam hazırıq. Bu, tarixi bir məqam, tarixi bir zaman olacaq. Onda Rusiyaya qarşı müharibədə qalib gələcək Ukraynanı qəbul etmək Avropa İttifaqı üçün də şərəf olacaq”, - deyə Zelenski qeyd edib.
Prezident onu da vurğulayıb ki, bu qış hamı üçün ağır keçəcək - Latviya və Polşadan tutmuş Britaniya və ABŞ-a qədər.
"Müharibə - müharibədir. Qış ağır keçəcək. Ancaq biz elə edə bilərik ki, bu qış Rusiya üçün, yaradılan bütün problemlərə - hərbi, sosial, qiymət, enerji və bir çox digər problemlərə görə cavabdeh olanlar üçün daha ağır keçsin" – o deyib.
"Biz bunu edə bilsək, qonşumuz bir də heç vaxt bizimlə heç nə edə bilməyəcək. Rusiya artıq öz tarixi məğlubiyyəti yoluna qədəm qoyub və bu yolun aydınlığı, məğlubiyyətinin konturları bundan sonra üzə çıxacaq... ", -deyə Prezident vurğulayıb.
O bildirib ki, payız aylarında Rusiyaya, onun məmurlarına, banklarına və şirkətlərinə qarşı sanksiyaları mümkün qədər gücləndirmək lazımdır.
"Bütün bunları bilirsiniz. Biz Rusiyanın ixrac gəlirlərinin real məhdudlaşdırılması üçün bütün mexanizmləri razılaşdırmalıyıq. Biz beynəlxalq kompensasiya mexanizminin tətbiqi üçün bütün hüquqi və siyasi əsasları təmin etməliyik və kompensasiyanın ödənilməsi üçün Rusiyanın xaricdəki aktivlərini müsadirə etməliyik. Bu müharibənin Ukrayna vətəndaşlarına vurduğu itkilərə görə. Rusiya Federasiyası vətəndaşlarını nəzərəçarpacaq müharibə əleyhinə hərəkata sövq etmək üçün onlara maksimum viza məhdudiyyətləri lazımdır.Tək populizm deyil, nəzərə çarpan hərəkat, nəzərə çarpan cəsarət. Rusiya təbliğatının qarşısını almaq və bütün təbliğatçıları bütün demokratik ölkələrdən deportasiya etmək lazımdır ki, Rusiyanın siyasi və sosial xaos səpmək şansı belə qalmasın”, - deyə Zelenski qeyd edib.
Zelenski onu da vurğulayıb ki, müharibəni bitirmək üçün Rusiya Federasiyası ilə hələlik heç bir danışıqlar mümkün deyil.
Senzor.az