
“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun məhkəməsi davam edir.
Senzor.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə R.Məmmədov sərbəst ifadə verib.
R.Məmmədov əvvəlcə “Xural” TV-nin rəhbərindən danışıb və bildirib ki, Əvəz Zeynallı onu dəfələrlə hədələyib: “Bu gün də mənim ailəmə qarşı eyni şeyi edir. Əvəz cinayətkardır. Uzun illər məndən rüşvət tələb edib. Əvəz məndən Türkiyə xüsusi xidmət orqanlarına şikayət edib”.
Bu hissədə hakim onun sözünü kəsib və bunların işə aidiyyəti olmadığını bildirib. İfadəsini mahiyyəti üzrə davam etdirməsini istəyib.
Daha sonra dövlət ittihamçısı deyib ki, R.Məmmədovun dedikləri aktlaşdırılıb Əvəz Zeynallıya qarşı başladılmış cinayət işinə əlavə olunması üçün Baş Prokurorluğa göndərilməlidir.
Vəkilləri vəsatət verərək deyiblər ki, R.Məmmədovun həbs edilən digər vəkili Elçin Sadıqovla bağlı qərar dəyişə bilər və o, yenidən müdafiə prosesinə qoşula bilər. Buna görə də iclasın təxirə salınmasını istəyiblər. Hakim vəsatəti təmin etməyib.
Daha sonra R.Məmmədov sərbəst ifadəsinə davam edib: “2008-ci ildə “Baku Steel Company”də işləməyə başladım. Əvvəllər şirkətin 25 faizi mənə məxsus idi. Sonradan şirkətin vəziyyəti pisləşdi. Mən hissə-hissə 30 milyon manat qarşılığında zavodu aldım”.
Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nın keçirdiyi əməliyyatla həbs olunub. Onun “Baku Steel Company”nin rəhbəri işlədiyi dövrdə 50 milyon manatdan çox pulu taladığı bildirilir. Məhkəmədə elan olunan ittiham aktında isə israf edilən və mənimsənilən pulların ümumi məbləğinin 185 milyon manatdan artıq olduğu göstərilib.