
“Mossad” İran xüsusi xidmət orqanlarının göstərişi ilə azərbaycanlı killer tərəfindən həyata keçirilməli olan israilli iş adamlarının öldürülməsi planının qarşısının alındığını bəyan edib.
Senzor.az haqqin.az-a istinadən bildirir ki, “Mossad” bu əməliyyatla bağlı ictimaiyyətə ilk dəfədir ki, açıqlama verib. Söhbət 2021-ci ilin sentyabrında Kiprdə həbs edilən 39 yaşlı Rusiya pasportlu azərbaycanlı Orxan Əsədovdan gedir.
O.Əsədov milyarder Tedi Saqi də daxil olmaqla Kiprdə yaşayan israilli iş adamlarını öldürməyi planlaşdırıb, lakin İsrail xarici kəşfiyyatı bu planı pozub.
Hazırda Əsədov və onun köməkçilərinin məhkəməsi gedir. 
İsrail mediası qeyd edir ki, “Mossad” direktoru xidmətinin uğurlu əməliyyatlarından nadir hallarda danışır. David Barnea Kiprdəki əməliyyatı terrorla mübarizə mövzusunda konfransda çıxışı zamanı xatırladıb.
“Biz xaricdə onlarla terror aktının qarşısını almağa nail olmuşuq. O cümlədən Kiprdə israilli iş adamlarına qarşı sui-qəsd cəhdinin”, - Barnea bildirib.
“Mossad”ın direktoru Türkiyədə keçmiş israilli diplomata və yerli iş adamına hücum cəhdlərindən də danışıb.
"Türklərlə birlikdə terrorçuların qarşısını tətiyi çəkməyə hazırlaşdıqları anda ala bildik", - deyə Barnea vurğulayıb.
Qeyd edək ki, Kiprdə israillilərin öldürülməsinə cəhdin qarşısının alındığı məsələyə sentyabrın 21-də Lefkoşa Cinayət Məhkəməsi baxmalıdır. Bu iş üzrə, dördü pakistanlı ərzaq daşıyıcısı olmaqla, beş nəfər həbs edilmişdi.
Amma teraktın hazırlanmasında iştirakı sübuta yetirilmədiyi üçün onlardan ikisinə qarşı ittihamlar götürülüb.
Xatırladaq ki, martın 1-də eyni iş üzrə Livan əsilli 21 yaşlı kiprli tələbə 1 il həbs və 3 il sınaq müddətinə məhkum edilib.
Orxan Əsədov ötən il Lefkoşaya adanın Türkiyə tərəfindən işğal olunmuş hissəsindən daxil olmaq istəyərkən həbs edilib. Onun üzərində səsboğucusu olan tapança və bir neçə patron aşkar edilib.
İsrail tərəfinin adada yaşayan tanınmış israillilərə hücum etmək tapşırığının O.Əsədova İran tərəfindən verildiyini iddia etməsi İsrail və Tehran arasında növbəti düşmənçilik dalğasının qabarmasına səbəb olub.
İsrail həmçinin bəyan edib ki, Kiprdə bir neçə tanınmış israilliyə qarşı terror aktları həyata keçirmək üçün daha geniş plan var.
Lakin İran hələ də bu işdə iştirakını inkar edir.
Senzor.az