
İyul ayında İraqın Duhuk vilayətinin Zaho bölgəsində mülki vətəndaşlara edilən hücumla bağlı Türkiyə, İraq hökuməti və Şimali İraq rəhbərliyi arasında kritik görüş keçirilib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, görüşdə Türkiyəni MİT heyəti təmsil edib. Heyət qarşı tərəflərə dəlilər təqdim edib və hücumun Türkiyə tərəfindən törədilmədiyi sübut olunub.
Hücumun pərdə arxasında İranın İraqdakı siyasi böhranı öz xeyrinə çevirmək istəyi və Türkiyəni PKK vasitəsilə tələyə salmaq üçün əməliyyatın keçirildiyi izah edilib.
Bu görüşdən sonra həm İraq hakimiyyətinin, həm də Şimali İraq rəhbərliyinin hücumun Türkiyə tərəfindən həyata keçirilmədiyinə əmin olduqları bildirilib.
Xatırladaq ki, iyulda Türkiyə ərazisindən Duhuk vilayətinin Zaho dağ kurortuna artilleriya hücumu olmuşdu. Hücum zamanı 8 nəfər ölmüş, 23 nəfər yaralanmışdı.
Bundan dərhal sonra - iyulun 20-də axşam Bağdadda yüzlərlə insan Türkiyənin İraqdakı səfirliyi qarşısında etiraz aksiyası keçirdi. Bəzi nümayişçilərin diplomatik nümayəndəliyin binasına hücum etməyə cəhd etməsi ona gətirib çıxardı ki, səfirliyin mühafizəsinə əlavə təhlükəsizlik qüvvələri cəlb olundu. Etirazçıların aqressiyasını və basqını dəf etmək üçün səfirlik binasındakı bayraq götürüldü və bundan sonra nümayişçilərə geri çəkilmək əmri verildi.
Halbuki Türkiyə təhlükəsizlik qüvvələri dərhal bəyan etmişdi ki, Zaho kurortuna hücum Kürdüstan Fəhlə Partiyası tərəfindən həyata keçirilib.
Rəsmi Ankaranın açıqlamasında isə vurğulanmışdı: “Türkiyə beynəlxalq hüquq normalarına uyğun olaraq terrorla mübarizə aparır, mülki əhalinin, infrastrukturun, tarixi-mədəni dəyərlərin və təbiətin qorunmasına son dərəcə həssas yanaşır. Günahsız insanları hədəf alan və terror təşkilatı tərəfindən törədilən bu cür hücumlar Türkiyənin terrorla mübarizədə ədalətli və qətiyyətli mövqeyini şübhə altına almaq məqsədi güdür”.
Bundan başqa, Türkiyə XİN hadisənin araşdırılması üçün bütün imkanlardan istifadə ediləcəyini açıqlamışdı. Rəsmi Ankara cinayəti törədənləri tapmaq üçün İraqı əməkdaşlığa çağırmışdı. Rəsmi Bağdad isə məsləhət üçün Türkiyədəki səfiri Hişam Ali Akbar İbrahim Al-Alauyu İraqa dəvət etmişdi.
Necə deyərlər, bu da nəticə: Türkiyə haqlı çıxdı.
Sonda onu da xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçu PKK/YPG-PYD, İŞİD qruplaşmasına qarşı antiterror əməliyyat keçirir. İraqın bu bölgəsi kürd muxtar bölgəsidir. PKK qruplaşması diqqəti üzərindən yayındırmaq məqsədilə regiondakı mülki şəxslərə ara-sıra hücumlar edir. Həmin hücum da məhz bu qəbildən idi...
Senzor.az

