
Belarus Prezidenti Aleksandr Lukaşenko Abxaziyaya səfər edib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, A. Lukaşenko Pitsunda şəhərində qondarma Abxaziya respublikasının “prezidenti” Aslan Bjaniya ilə görüşüb.
"ApsnıPress"in xəbərinə görə, Lukaşenko Abxaziyaya səfərinin heç bir xüsusi vəziyyətlə bağlı olmadığını bildirib.
“Dünən biz böyük qardaşımız Vladimir Vladimiroviç Putinlə Abxaziya problemlərini müzakirə etdik. Gecəyə qədər bu məsələləri çox müzakirə etdik və eyni nəticəyə gəldik ki, Abxaziyanı tək buraxmaq olmaz. Onun köməyə ehtiyacı var ki, bu çiçəklənən torpaq, burada yaşayan insanlar normal yaşasınlar”, - Lukaşenko vurğulayıb.
Qeyd edək ki, bu ilin fevral ayında Lukaşenko “lazım gələrsə” Abxaziyanı müstəqil dövlət kimi tanıyacağını demişdi. İyun ayında Belarus Prezidentinin xüsusi nümayəndəsi Viktor Şeyman Abxaziyada səfərdə olanda Bjaniya ilə görüşmüşdü.
Xatırladaq ki, bu, Belarus liderinin qondarma Abxaziya respublikasına ilk belə səfəridir.
**
Bu arada Gürcüstan Prezidenti Salome Zurabişvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun işğal altındakı Abxaziyaya səfərini qınayıb. 
S.Zurabişvili səfərin Gürcüstan və Belarus arasındakı ikitərəfli əlaqələrə və beynəlxalq hüquqa zidd olduğunu bildirib.
"Mən Aleksandr Lukaşenkonun işğal edilmiş Abxaziyaya səfərini şiddətli şəkildə qınayıram. Bu, Gürcüstanın İşğal Altındakı Ərazilər Qanununun, bizim ikitərəfli əlaqələrimizin prinsiplərinin və beynəlxalq hüququn qəbuledilməz pozuntusudur ", - deyə Prezident bildirib.
**
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) isə Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfəri ilə bağlı bəyanat yayıb. 
Bəyanatda Lukaşenkonun Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş Abxaziya bölgəsinə gəlişindən və Suxumidə işğalçı rejimin nümayəndələri ilə görüşündən dərin narahatlıq ifadə olunub.
Qeyd olunub ki, Belarus Prezidentinin səfəri Gürcüstanın dövlət sərhədinin, beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır və XİN bu səfəri pisləyir.
“Biz Belarus tərəfini suveren dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət etməyə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olan bu cür hərəkətlərə yol verməməyə çağırırıq”, - deyə XİN-in bəyanatında bildirilib.