
Sentyabrın 29-da gündüz İranın Bakıdakı səfirliyinin binası qarşısında Tehran rejiminin vətəndaşların hüquqlarının pozulmasına və qadınlara qarşı repressiyalara etiraz aksiyası keçirilib.
Senzor.az-ın məlumatına görə, aksiyanın onlarla iştirakçısı “Güney Azərbaycana azadlıq!”, “Rədd olsun molla rejimi!”, “Rədd olsun diktator!” şüarları səsləndirib. 
Etirazçılar İranda azərbaycanlıların qanuni hüquqlarının boğulduğunu qeyd etməyi də unutmayıblar. Bu siyasət çərçivəsində İran hakimiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzünü hər cür dəstəkləyib. Eyni zamanda, İran hakimiyyəti Azərbaycanın daxilində ölkəmizin siyasi və dini sabitliyinin təhlükəsizliyinə potensial təhlükə yaradan müxtəlif növ qruplaşmalar yaratmağa çalışır.
Sonda aksiya iştirakçıları hazırladıqları müraciəti oxuyub səfirliyə veriblər. Polis aksiyaya müdaxilə etməyib və aksiya insidentsiz keçib. 
Xatırladaq ki, sentyabrın 16-da Tehranda “əxlaq polisi”nin həbs etdiyi gənc qadın Məhsa Əmininin ölümündən sonra ölkədə kütləvi etirazlar başlayıb. İranın müxtəlif əyalətlərində etirazların yatırılması zamanı onlarla adam həlak olub.
Eyni zamanda Güney Azərbaycanda da etiraz aksiyaları başlayıb, etnik azərbaycanlılar milli-mədəni hüquqlarının təmin olunmasını tələb edirlər.
Senzor.az