Putinin son "referendum" oyunu və səfərbərlik qərarı – RUSİYA HARA SÜRÜKLƏNİR?
TƏHLİL

Rusiya Ukraynada növbəti təxribatçı və uzunmüddətli problemlərin yaranmasına səbəb olacaq addımı atdı. Belə ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərmanlar imzalayıb.

 

Sözügedən fərmanlarda qeyd edilir ki, qərar “BMT Nizamnaməsində təsbit edilmiş “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipini tanıyan və təsdiq edən beynəlxalq hüquq normalarının ümumi qəbul edilmiş prinsip və normalarına uyğun olaraq” və referendumda “xalqın iradəsi” nəzərə alınmaqla qəbul edilib.

 

Ortaya sual çıxır: Rusiya xalqların bərabərliyi və öz müqəddəratını təyin etmə prinsipini rəhbər tutursa, o zaman niyə öz ərazisində yerləşən Sibir, Dağıstan və Şimali Qafqaz xalqlarına öz müqəddəratlarını təyin etmək hüquqlarını vermək istəmir? Bəlkə onlar da öz müqəddaratlarını təyin etmək niyyətindədirlər? Əgər mühatibəni tez bitirmək istəyi var idisə, Rusiya niyə bu addımı atdı? Rusiyanın bu addımı beynəlxalq siyasətə və təhlükəsizliyə necə təsir göstərəcək? 

Nəzərə alaq ki, bu gün Rusiya Federasiyası ərazisində irili-xırdalı iki mindən artıq xalq yaşayır və bu xalqların da mütləq əksəriyyəti ana dilində təhsil almaq hüququna malik deyillər. Ona görə də onların nəinki öz müqəddəratını təyin etmək, hətta təhsil hüququndan yararlanmaq imkanları belə mümkünsüz olub. Baxmayaraq ki, SSRİ-nin dağılmasından başlayaraq günümüzə qədər demək olar ki, Rusiya Federasiyası ərazisində yaşayan azsaylı xalqların böyük əksəriyyəti daimi şəkildə assimilyasiyaya məruz qalıblar və bu proses bu gün də davam etməkdədir.

 

Şanxay Əməkdaşlıq Təşkilatında çıxışı zamanı Ukrayna ilə danışıqlar aparmaq istədiyini, amma Ukrayna tərəfinin buna razı olmadığını bildirən Rusiya Prezidenti Valdimir Putinin qısa müddət sonra belə addım atması əlbəttə ki, heç də danışığı ilə hərəkətlərinin üst-üstə düşməməsindən xəbər verir. Atılmış son addımlardan belə qənaətə gəlmək olar ki, Rusiya müharibəni dayandırmaq niyyətində görünmür və verilən açıqlamalar imitasiya xarakteri daşımaqdadır. Nəzərə alsaq ki, həm BMT Baş katibi Antonio Quterreş, həm Türkiyə hakimiyyəti, həm Rusiyanın özünə yaxın bildiyi Qazaxıstan, həm də Qərb ölkələrinin rəhbərləri açıqlama verərək bu "referendumu" tanımayacaqlarını açıq şəkildə ifadə ediblər. Bu isə o deməkdir ki, Putin Rusiyanı sürətlə beynəlxalq aləmdən təcrid etməyə doğru sürükləyir. Təkcə 22 fevral 2022-ci ildən bu günə kimi  Rusiyaya tətbiq edilən sanksiyaların miqdarı 19 282 olduğu halda, ümumilikdə bu rəqəm 21 977-yə bərabərdir. Rəqəmlərdən də göründüyü kimi, Rusiya ciddi şəkildə sanksiyalar altında əzilməkdədir. Üstəlik,  verilən son məlumatlara görə 24 fevral 2022-ci ildən bu günə kimi Rusiya Ukraynada təqribən 54 minə qədər hərbçi itirib. Bu isə o deməkdir ki, itirdiyi hərbçilərdən iki dəfə də artıq yaralısı var. 

Hesab etmək olar ki, məhz buna görə də 21 sentyabr 2022-ci ildə Vladimir Putin ölkədə qismən səfərbərlik elan edərək ordu sıralarına 300 min şəxsin cəlb ediləcəyini bildirən kimi, ölkədən qaçış başladı. Demək olar ki, Rusiyadan Finlandiya, Gürcüstan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Monqolustan, Ermənistana insan axını başladı. Həm quru, həm də hava yolu ilə sürətli axın var. 

 

Əlbəttə ki, bu baş verənləri Kreml adminstrasiyası və digər yuxarı orqanlar bilməmiş deyillər. Kreml adminstrasiyası da yaxşı anlayır ki, müharibənin taley artıq həll edilib. Buradan qazanclı çıxması real görünmür, amma görünür ki, belə avantür addımlar atmaqla heç olmasa regionda öz nüfuzunu qorumaq niyyətindədir. 

Nəhayət, onu qeyd etmək lazımdır ki, Rusiyanın atdığı bu addımlar tərəflər arasında danışıqlara olan son ümidləri də  məhv etdi. Bu isə regionun gələcəyinə ciddi təsir edəcək. Nəzərə alsaq ki, Rusiyada silah-sursat və hərbi texnika sürətlə tükənmək üzrədir, amma bununla paralel olaraq ABŞ Ukraynaya 12 milyard dollar həcmində yeni yardım paketi ayırır və  bunun da mütləq əksəriyyətini silah-sursat və hərbi texnika alınması təşkil edir, deməli, Rusiyanın son "referendum" oyununun, səfərbərlik qərarının da hansısa ciddi nəticə verəcəyi inandırıcı görünmür. 









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.