
Xəbər verdiyimiz kimi, “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri, Əməkdar jurnalist Mir Şahin Ağayev Real TV-də müəllifi və aparıcısı olduğu “Mir Şahinin vaxtı” verilişinin sonuncu buraxılışında da bir çox vacib məsələlərə və məqamlara toxunmuşdu.
Senzor.az xatırladır ki, M.Ağayev həmin verilişinin bir hissəsini İrana, oradakı səlahiyyət sahiblərinə, onların əmmaməli-əllaməli siyasətinə, Azərbaycanla sərhəddə keçirdikləri hərbi təlimlərə, bir az da, necə deyərlər, bizim irançılarla həsr etmişdi. (bax: https://senzor.az/bas-yazi/13303-biz-hec-vaxt-iranin-agina-da-lenet-qarasina-da-dememisik-.html).
Olduqca obyektiv və məntiqli şərh idi. REAL TV rəhbəri təxminən 10-11 dəqiqəlik həmin şərhi ilə əslində İranın Azərbaycana yönəlik qeyri-səmimi siyasətini, təhdid xarakterli Arazqırağı təlimlərini ideoloji baxımdan darmadağın etmişdi.
Bu mənada həmin şərhin böyük rezonans doğuracağı gözlənilən idi. Elə də oldu. Amma həmişə olduğu kimi, bu dəfə də aparıcının dəmir məntiqi və əsaslı arqumentləri, bir az sərt, amma haqlı tənqid etdiyi obyektlər qalıb bir kənarda, İrançı qüvvələr Tehran rejiminin məkrli və qərəzli bu yanaşma tərzini pislədiyinə və qınadığına görə onun özünü linç hədəfinə çeviriblər. Məqsədyönlü şəkildə çıxışından parçalar yayaraq, onun guya dini inancları təhqir etdiyi barədə rəy formalaşdırmaq istəyirlər.
Halbuki dəyərli həmkarımız, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun da vurğuladığı kimi, Mir Şahin Agayevin İranı və daxildəki iranüzzaları tənqid etməsi yerində və korrekt idi: “Həmin çıxışda "təhqir" sayılacaq heç nə yoxdur. Sadəcə, iki amil ortaya girdi:
1) İranüzzalar öz siyasi mahiyyətlərini dinlə pərdələyib, həzrət Abbasın qollarının arxasından hücuma keçdilər. Bu, çox köhnə metoddur;
2) Dindar üçün "təhqir" anlayışının sərhədləri olduqca elastikdir. Bunu bir ateist kimi əla bilirəm. Tamamilə normal bir sözü, fikri, ifadəni dindar özü üçün "təhqir" elan edib, ittiham baltasını əlinə ala bilər.
Ən pisi odur ki, İranın Azərbaycana qarşı aqressiyasının pikdə olduğu vaxtda belə, onun əməlləri din pərdəsi ilə ört-basdır edilərək, diqqət əsas məsələdən yayındırıla bilir.
Əsas məsələ o deyil və o olmamalıdır ki, Mir Şahin İranın imamları haqqında nə deyib. Əsas məsələ budur və bu olmalıdır ki, İran Azərbaycan dövlətçiliyini hədəfə alıb! Və onun bütün növ, o cümlədən də ideololi hücumlarının qarşısında durmaq bizim borcumuzdur!”.
Yeri gəlmişkən, ünvanına deyilən, yazılan təhqir, hədə və təhdid dolu ittihamlara Facebook səhifəsində Mir Şahin Ağayev özü də cavab verib. Senzor.az Azərbaycan dövlətçiliyi üçün vacib mövqe sayıla biləcək həmin statusu da oxucularına təqdim edir: 
“Maraqlı vəziyyət yaranıb: İran İslam Respublikasının Ermənistan (Qeyri İslam) Respublikasını öz milli maraqlarının tərkib hissəsi tək müdafiə etməsi, onun sərhədlərini özünün qırmızı xətti sayması, srağagünədək Qardaş dediyi Azərbaycana sarı silah tuşlayaraq, dron qaldıraraq, Araza mobil körpü salaraq hərbi texnikası ilə üzərimizə yürüş imitasiyası yaratması, Nikol Paşinyan başda olmaqla Ermənistanı müdafiə etməklə Xocalı soyqırımı müəlliflərinin yanında olduğunu nümayiş etdirməsi qalıb bir kənarda - bu yanaşma tərzini pislədiyimə, ola bilsin bir az sərt, amma haqlı tənqid etdiyimə görə məni linç hədəfinə çevirirlər. İrançı qüvvələr məqsədyönlü şəkildə mənim çıxışımdan parçalar yayaraq guya dini inancları təhqir etdiyim barədə rəy yaratmaq istəyirlər.
XATIRLATMA:!!!
İnanclı insanlarımızın hissini İran İslam Respublikası işğal altındakı məscidlərimizdə donuz saxlayanlara susmaqla təhqir edib, mən yox!
İnanclı insanlarımızı İrandan gələn azana Azərbaycanın səmimiyyətlə səcdə edən şiə camaatının etibarını ermənilərin ayağına verənlər təhqir edib, mən yox!
Mən seyidəm, ruhani ailəsində doğulmuşam, İmam Hüseynin də, Həzrət Abbasın da qədrini, dəyərini məqsədli irançılardan daha yaxşı bilirəm!
Bazar günü mövzuya bir daha qayıdacam. Görünür, daha bir açıqlamaya ehtiyac var! Amma İran İslam Respublikasının açıqlamasına olan ehtiyac daha böyükdür! Niyə Ermənistanın tərəfinə keçmək qərarına gəldi və ədalətli, öz tarixi haqqını bərpa etmiş Azərbaycanın yox, işğalçıların, Xocalı qatillərinin yanını seçdi?
Bu suallara cavab verilməlidir! Mənim İmam Hüseyn həzrətlərinə, Həzrət Abbasa münasibətim hər bir səmimi Azərbaycan şiəsinin münasibətilə eynidir. Böhtanla, iftirayla diqqəti əsas mətləbdən yayındırmaq cəhdlərini yığışdırmaq, Azərbaycanın Qələbəsini həzm edə bilməmələrinin səbəbini izah etmək lazımdır! Azərbaycanı satıb İrana qaçan, orda hansısa Kərimə dövləti yaratmaqla bizi təhdid edən “soydaşlarımıza” görə cavab vermək lazımdır!
İmam Hüseyn, Həzrət Abbas kimi dəyərlərə isə toxunmayın! Onları ucuz siyasi məqsədlərinizə alət etməyin! Mövzu bu deyil! Mövzu İranın Ermənistana hər növ dəstəyidir! Pislənilməli, məhkum edilməli məsələ budur!”.