Paşinyan “müharibə” deyir - ANALİZ

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransındakı bəyanatlarını ölkəsinə “növbəti müharibəyə hazır olun” tezisləri üzərində səsləndirdi.

 

Bir neçə gün öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da analoji mətnlərlə çıxış etdi və Azərbaycanın ultimatum dili ilə danışdığını bildirdi.

 

Qriqoryanla Paşinyanın ard-arda eyni məzmuna müraciət etmələri bir gerçəkliyi göz önünə sərir: Azərbaycanın tələblərinin və şərtlərinin bir neçə strateji istiqamətini Ermənistan qəbul etmir.

 

Paşinyan dəstək üçün ənənəvi biclik işlədərək, Rusiyanın hakimlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gileylənib.

 

Beləcə, bu şikayətlə KTMT-nin funksional olmadığını bildirərək, həmin təşkilatı öz varlığını göstərmək üçün hərəkətlərə təhrik edir.

 

Paşinyan fikirlərini “KTMT istəsə də, istəməsə də, Ermənistanı tərk edir” cümləsi ilə möhkəmləndirməyə çalışır.

 

Ermənistan bundan sonra da KTMT-dən kömək dilənməyə davam edəcəksə, o, elə həmin hərbi blok tərəfindən qınanılacaq.

 

Birinci səbəb: KTMT-yə üzv olan dövlətlər Ermənistana görə Azərbaycanla münaqişə yaradacaq xətti seçmirlər.

 

İkinci səbəb: KTMT ciddi fikir ayrılıqları ilə yekun nöqtəyə vura bilmir, bunu Ukraynadakı müharibəyə yanaşmada da görmək olur.

 

Üçüncü: KTMT üzvlərindən Qırğızıstan və Tacikistan bir-birilə sərhəd münaqişəsi yaşayırlar və onlar üçün başqa regiona qüvvə göndərmək əlavə bəladır.

 

Dördüncü məntiq: Qazaxıstan və Belarus Ermənistanla əməkdaşlığın perspektivi olmadığını dərk edərək Azərbaycana böyük önəm verirlər.

 

Beləliklə, təşkilat daxilində KTMT qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinə gəlişi üçün yekdil qərar çıxarmaq müşkülləşir.

 

KTMT-dən ümidlərini üzüb Avropa İttifaqının monitorinq missiyasına bel bağlayan Ermənistan bundan da nəsibini almayacağını anlayır.

 

Paşinyanın açıqlamalarının davamını “Qarabağda və sərhəddə eskalasiya riski yüksəkdir” sitatı ilə gətirməsi beynəlxalq aləmin dəstəyini qazanmaq məqsədi daşıyır. Bu o deməkdir ki, Azərbaycan heç kimə məhəl qoymadan öz istəklərinə və hədəflərinə doğru maksimal irəliləyiş əldə etməkdə israrlıdır.

 

Azərbaycan üç sadə şərt irəli sürür:

 

1. 10 Noyabr Bəyanatının müddəaları hərfbəhərf yerinə yetirilsin;

 

2. Kreml və Brüssel mərkəzli üçtərəfli görüşlərdə əldə edilən razılaşmalar, o cümlədən sərhədlərin delimitasiyasına dair razılaşmalar öz şərtləri əsasında reallaşsın;

 

3. Ermənistan zamanı silahlanma və revanşizm üçün fürsətə çevirməsin.

 

Hərbi eskalasiya riski Ermənistanın tutduğu mövqe ilə mütənasibdir, yəni İrəvan bu məsələdə Bakını günahlandırmaqdansa, sülh üçün özünü cilalamağı bacarmalıdır.

 

Lakin Azərbaycanla Ermənistan arasında siyasi dialoq kanalları qapanmayıb, bəlkə də, Paşinyan növbəti danışıqlarda diktə altında qəbul edəcəyi qərarların nəticələrinə hazırlıq məşqi edir.

 

Hər halda, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin içərisində fundamental problemlərin olduğu verilən bəyanatlardan sezilir və görünür ki, onlar kritik nöqtə kimi nə o yana, nə də bu yana tərpənir.

 

Azərbaycan həmin “ölü nöqtə”ləri tərpədib Cənubi Qafqazdakı yeni reallıqlara başqalarını da əlavə etmək niyyətindədir.

 

Azərbaycan strateji qorunma vasitəsi kimi qarantiya yaratmaq çağırışı ilə üzləşdiyindən həmin addımları atmalıdır.

 

Ermənistan isə vaxt qazandıqca əldə edilən razılıqları təhrif etməyə və məsələləri Qarabağ üzərində fokuslayıb diqqətləri parçalamağa çalışır.

 

Azərbaycan Ermənistanın razılaşmalara, yeni reallıqlara olan itaətsizliyini təhlil edərək hərbi tətbiqlərə dair operativ qərarlar çıxara bilər.

 

Hərçənd ki, İrəvan mövqeyini itaətsizlik kimi deyil, sülh və təhlükəsizlik adı altında pərdələyir, ancaq pərdə arxasındakı məqamlar Azərbaycanla Ermənistanın yeni toqquşmasını qaçılmaz edə bilər.

 

Aqşin Kərimov(Oxu.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.