Amerikalı demokratların xarici siyasətinin beyni sayılan məşhur politoloq Zbiqnev Bjezinski hələ 1997-ci ildə çap olunan “Böyük şahmat taxtası: Amerikanın hökmranlığı və onun geostrateji imperativləri” kitabında Rusiyanın gələcək geostrateji seçiminin ABŞ-ın 3 ölkədə möhkəmlənməsindən çox asılı olduğunu yazmışdı: Ukrayna, Azərbaycan və Özbəkistan.
Bjezinski bu üç ölkə sırasında ən çox üstünlüyü də Ukraynaya verərək, 2005-2015-ci illəri Ukraynanın Qərbə cəlb edilməsi üçün həlledici onillik saymışdı...
Amerikalıların göstərilən illər ərzində Ukraynada nə etdikləri və 2022-ci ildə başlanan Rusiya-Ukrayna savaşının 1 il 3 aylıq yekunları ortadadır: iki qardaş xalq artıq tarixi qan düşmənlərinə çevriliblər; 46 milyonluq Ukraynanın rəsmi olaraq 10 milyon nəfərdən çox əməkqabiliyyətli əhalisi Avropaya qaçıb; Ukrayna ordusunun əsas döyüşqabiliyyətli hissələri sıradan çıxarılıb; Ukraynanın dağıdılmış ərazilərinin bərpası üçün 400 milyard dollardan çox vəsait tələb olunur; Ukraynanın Azov dənizinə çıxışı tamamilə qapanıb; Donetsk, Luqansk, Zaporojye, Xerson kimi zəngin vilayətlərinin əraziləri Rusiyaya birləşdirilib və rus ordusu orada böyük müdafiə zolağı qurub; 2014-cü ildə işğal edilən Krıma ruslar alternativ quru yollarını və şirin su təchizatını tam təmin ediblər...
Bütün dünya nizamını və iqtisadiyyatını alt-üst edən bu müharibənin haçan və necə bitəcəyi isə sual altındadır.
Amerikalıların Rusiyanı zəiflətmək və onu amerikayönümlü Avropaya qoşmaq üçün yeni Ukraynaya çevirmək istədikləri digər iki vacib ölkə - Azərbaycan və Özbəkistan isə, demək olar ki, məhz Ərdoğan Türkiyəsinin Rusiya ilə apardığı ağıllı və çevik siyasət sayəsində növbəti geopolitik toqquşma meydanlarına dönməkdən yayına və özlərini qoruya bilirlər.
Dünən Türkiyə Prezidentinin andiçmə mərasimində Ərdoğanın sağında Azərbaycan Prezidenti İlham Əliyevin, solunda isə Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin əyləşməsi, hər ikisinə göstərilən xüsusi münasibət və bu kadrların bütün dünyaya nümayiş etdirilməsi təkcə seçkidə verilən dəstəyə minnətdarlıq cavabı deyildi, həm də amerikalılara, avropalılara kimin hansı cinahda yer aldığının növbəti və çox aydın mesajları idi...
Bu o demək idi ki, qardaş Türkiyənin ətrafında qurulan Türk Dövlətləri Təşkilatı (TDT) Ərdoğanın yenilədiyi və daha da gücləndirdiyi komandasının növbəti hakimiyyəti müddətində də Rusiya-Qərb savaşında tərəfə və blokun ərazisinin Rusiyaya qarşı "ikinci cəbhə"yə çevrilməsinə imkan verməyəcək.
Rusiya-Çin-İran üçbucağında yerləşən TDT üçün ən uyğun olanı da budur: o, nəhənglərin qarşıdurma deyil, uzlaşma, sülh və əməkdaşlıq meydanı olmalı, strateji bir coğrafiyanın əlindən alınmasına imkan verməməli, özü öz evinin ağası olmalıdır.