Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Söhbət zamanı Hindistan və Pakistan arasındakı gərginlik, mayın 6-na keçən gecə baş verən hücum və hazırkı hadisələr müzakirə edilib.
Ərdoğan Türkiyənin Pakistanla həmrəy olduğunu bildirib, hücumda həlak olan pakistanlılara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
O, Türkiyənin bu prosesdə Pakistanın təmkinli siyasətini dəstəklədiyini, Cammu və Kəşmirdəki terror aktı ilə bağlı qərəzsiz, şəffaf və etibarlı beynəlxalq araşdırma aparılması təklifinin məqsədəuyğun olduğunu bildirib.
Ərdoğan Türkiyənin gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazır olduğunu və bu mövzuda diplomatik təmasların davam etdiriləcəyini deyib.