ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistan rəhbərliyinə iki ölkə arasında hərbi güc tətbiqi ilə müşayiət olunan hazırkı gərginliyin aradan qaldırılmasında yardım göstərməyə hazırdır.
TASS bildirir ki, Amerika lideri bu barədə Ağ Evdə jurnalistlərlə söhbətində deyib.
“Onların dayanmasını istəyirəm. Ümid edirəm ki, indi onlar dayana bilərlər. Onlar “qana-qan” prinsipi ilə hərəkət ediblər və ümid edirəm ki, indi dayana bilərlər... Və əgər mən kömək etmək üçün nəsə edə bilərəmsə, mən orada olacağam”, – Tramp Nyu-Deli və İslamabad arasında münasibətlərin kəskin pisləşməsinə şərh verərkən söyləyib.
“Bu dəhşətlidir. Mən hər ikisi ilə yola gedirəm. Mən hər ikisini çox yaxşı tanıyıram və istəyirəm ki, onlar bunu həll etsinlər”, – Prezident əlavə edib.
Qeyd edək ki, mayın 6-da Hindistan Pakistan ərazisinə və Azad Kəşmir bölgəsinə raket zərbələri endirib. İslamabad hökuməti elan edib ki, Hindistan hücumları nəticəsində 6 mülki obyekt zərər görüb və 26 nəfər həlak olub.