
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən keçmiş deputat Nazim Bəydəmirlinin barəsində həbs qətimkan tədbiri seçilib.
Senzor.az xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.
Qərara əsasən, N.Bəydəmirlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, vətəndaş polisə müraciət edərək sabiq deputat N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də sabiq deputata 10 min manat versə də, N.Bəydəmirli qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib. Daha sonra N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb.
**23:42(04.07.2023)

Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.
Senzor.az bildirir ki, Nazim Bəydəmirlinin saxlanılması ilə əlaqədar DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynovun medianın sorğusuna cavab olaraq verdiyi açıqlamada belə deyilir.
"Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.
Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir", - Z.Hüseynov qeyd edib.
**22:52
Sabiq deputat Nazim Bəydəmirli (Məmmədov Nazim Hüseyn oğlu) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə özünün facebook profilində vəkil Aqil Layıc məlumat verib.
Aqil Layıc yazıb: "Nazim Bəydəmirlini Banditizmdə Gədəbəy hadisələrinə görə şübhəli şəxs qismində saxlayırlar, özü indi zəng edərək məlumat verdi".
Qeyd edək ki, Azərbaycan KİV-lərində yayılan son məlumatlarda Nazim Bəydəmirli Gədəbəyin Söyüdlü kəndindəki hadisələrin koordinasiya edilməsində və qızışdırılmasında suçlanırdı.