
ABŞ Prezidenti Co Bayden Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə məktub yazıb.
Haqqin.az-ın məlumatına görə, “Forbes” məktubun mətnini dərc edib.
Maraqlıdır ki, Özbəkistan Prezidentinin mətbuat xidməti Ağ Ev rəhbərinin məktubu barədə məlumat verməyib.
Məktubda Bayden iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəyə görə Özbəkistan Prezidentinə təşəkkür edir. ABŞ Prezidenti məişət zorakılığı ilə mübarizə səyləri kontekstində Özbəkistan Prezidentinin böyük qızını da xatırladır. 
“Bundan əlavə, bu ilin əvvəlində qızınız Səidəni (Mirziyoyeva) Ağ Evdə salamlamaqdan şərəf duyduq. Onun fəallığı və Sizin gender və məişət zorakılığını cinayət hesab etmək üçün cəsarətli qərarınız təqdirəlayiqdir”, - ABŞ Prezidenti yazıb.
Co Bayden qeyd edib ki, son bir ildə iki ölkə arasında əməkdaşlıq “ticarət və investisiya əlaqələrimizin gücləndirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlığımızın inkişafı və regional problemlərin həlli üçün birgə işləmək daxil olmaqla, yeni zirvələrə yüksəlib”.
Bayden əlavə edib ki, “Birləşmiş Ştatlar həmçinin, Sizin siyasi və iqtisadi islahatlarla bağlı səylərinizi qəti şəkildə dəstəkləyir”.
Bundan əlavə, Bayden məktubda Şavkat Mirziyoyevi BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyasının açılışı günlərində - sentyabrın sonunda keçirilməsi planlaşdırılan Mərkəzi Asiya-ABŞ (C5+1) formatının birinci sammitinə dəvət edib. Baydenin məktubunda deyilir ki, Mərkəzi Asiya ölkələri və ABŞ prezidentləri arasında görüş sentyabrın 19-u və ya 20-nə planlaşdırılıb. 
“Ozodlik” qeyd edir ki, ABŞ Prezidentinin məktubunun mətninin dərci Səidə Mirziyoyevanın Özbəkistan Prezidentinin birinci köməkçisi – Prezident Administrasiyasının hazırkı rəhbəri vəzifəsinə təyin olunması ilə üst-üstə düşür. Bu ilin martında o, ABŞ-a səfər edib, Baydenin köməkçisi və ABŞ Prezident Administrasiyasının Gender Siyasəti Şurasının direktoru Cennifer Klein ilə görüşüb.
2019-cu ilin aprel ayından Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin direktor müavini vəzifəsində çalışır.
Səidə Mirziyoyevanın yeni vəzifəyə təyinatı barədə hələlik rəsmi açıqlanma verilməyib.
Senzor.az