
Belçikanın xarici işlər naziri Xədicə Labib regiona səfəri çərçivəsində bu gün Azərbaycana gələcək.
Qeyd edək ki, ölkəmizdə səfərdə olan xarici dövlətlərin XİN rəhbərləri, adətən, Prezident İlham Əliyev tərəfindən qəbul olunur, ikitərəfli münasibətlər, regionda və dünyada aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır.
Senzor.az-ın məlumatına görə, ermənipərəst mövqeyinə və Ermənistanda səfərdə olarkən səsləndirdiyi əsassız iddialara görə Prezident İlham Əliyev Belçika XİN rəhbərini qəbul etməyəcək. 
Xatırladaq ki, Belçikanın xarici işlər naziri Xədicə Labibin regiona səfəri avqustun 22-də başlayıb. O, ilk olaraq Ermənistana səfər edib, avqustun 23-də isə Gürcüstanda olub. Ermənistanda qondarma “erməni soyqırımı” abidəsini də ziyarət edən Xədicə Labib bu ölkənin xarici işlər naziri və baş naziri ilə görüşlərində ermənipərəst mövqeyini bir daha ortaya qoyaraq, Azərbaycanın ünvanına əsassız iddialar səsləndirib.
Onu da qeyd edək ki, Belçika XİN rəhbərinin bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulur.