
“Laçın” sərhəd-keçid məntəqəsində saxlanılan erməni futbolçular həbs edilib.
Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, erməni futbolçularının Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Ermənistan Respublikasının vətəndaşları - 2001-ci il təvəllüdlü Alen Sarqsyan, 2003-cü il təvəllüdlü Vahe Hovsepyan və Levon Qriqoryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduqları yer istintaqa məlum olmadığına görə barələrində beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Keçirilmiş axtarış tədbirləri nəticəsində avqustun 28-də qeyd olunan şəxslər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-keçid məntəqəsində saxlanılıb.
Müdafiə hüquqları təmin edilməklə istintaqa cəlb edilən şəxslər dindirmə zamanı törətdikləri əməli etiraf edərək səmimi peşman olduqlarını, gələcəkdə bir daha bu kimi hərəkətlərə yol verməyəcəklərini bildiriblər.
Təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilib.
Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar edən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, hərəkətlərini video qeydiyyata alıb bügünədək “Youtube” və müxtəlif sosial şəbəkə vasitələrində yaydıqlarına görə, Baş Prokurorluğun müvafiq qərarı əsasında İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi)- maddəsi ilə inzibati icraat başlanıb, qeyd olunan şəxslərin barəsində məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub.
İnzibati həbs cəzasının icrasından sonra qeyd olunan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması təmin olunacaq.
**16:18

İki il əvvəl Azərbaycan bayrağını təhqir edən 3 erməni bu gün “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Senzor.az xatırladır ki, 2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı.
Elə o vaxt faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
Bu gün saxlanılanlar “Martuni Avo” komandasının barələrində axtarış elan edilmiş həmin 11 nəfər üzvündən 3-üdür.