Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc gələn ilin büdcəsində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərə, o cümlədən Xankəndi və Xocalıya maliyyə vəsaitinin ayrılmasının vacibliyini qeyd edib.Senzor.az bildirir ki, bu fikri o, parlament komitələrinin bugünkü birgə iclasında səsləndirib.
“Xankəndiyə qaz niyə Ermənistandan getməlidir? Biz orada yaşayan erməni əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiyası üzərində işləyirik. Belə olan təqdirdə həmin ərazilər üçün də maliyyə ayrılmasına ehtiyac var”, - deyə Z.Oruc vurğulayıb.
O həmçinin bildirib ki, Azərbaycan vətəndaşları gələn ilin dövlət büdcəsinin təqdimatından sonra enerjinin, kommunal tariflərin və manatın kursunun dəyişməyəcəyi barədə zəmanət verilməsini gözləyirlər.
Xatırladaq ki, Zahid Oruc həm də Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədridir. O bu vəzifəyə 11 fevral 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təyin edilib.