“Azərbaycan iki illik sədrlik dönəmində türk dünyasının birləşməsi üçün böyük səylər göstərmişdir. Bir çox tədbirlər keçirilmişdir. Hesab edirəm ki, biz hazırda daha bütöv, daha birləşmiş şəkildə gələcəyə addımlayırıq. Bugünkü Zirvə görüşünün çox böyük tarixi əhəmiyyəti var. İlk növbədə ona görə ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu birliyi diktə edir”.Senzor.az bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə çıxışı zamanı deyib.
“Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk. Bizim xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və biz bu gün böyük coğrafiyanı əhatə edirik, böyük iqtisadi, siyasi, hərbi gücü bu coğrafiyada ehtiva edirik. Bizim ölkələrimizdə zəngin təbii qaynaqlar var, müasir infrastruktur var, nəqliyyat yolları var. Türkiyə hərbi, iqtisadi və sənaye gücə malik olan ölkədir. Təkcə onu demək kifayətdir ki, Türkiyə NATO-nun ikinci ən güclü ölkəsidir və bunu öz maraqlarını və dünyada sülhü təmin etməklə dəfələrlə göstərmişdir. Ona görə mən çox ümidliyəm ki, bizim təşkilatımız qarşıda duran bütün vəzifələri icra edəcəkdir”, - deyə Azərbaycan lideri vurğulayıb.